Sağlam həyat tərzini özündə formalaşdıran ən böyük amillərdən biri də insanın yaş dövrlərinə uyğun olaraq məşqetmə saatlarıdır. Bəzən uyğun olmayan bir vaxtda edilən məşq sağlamlığa zərər vurur.
Yaşlı nəsil üçün məşq saatları
İlk olaraq yaşlı nəslin idmanetmə vaxtlarını nəzərdən keçirək. Həkimlər araşdırmalar zamanı müəyyən ediblər ki, 50 yaşdan sonra idmana başlayan insanlarda müəyyən həssaslıq yaranır. Yatmaq artıq yaşlı nəsildə vaxt itkisi kimi dəyərləndirildiyindən onların məşq vaxtlarının səhər saat 6-10 arasında olması daha məqsədəuyğundur. Çünki artıq formalaşan və öz funksiyasının kulminasiya nöqtəsində olan orqanizm daha çox təmiz hava tələb edir, böyrəklərin fəaliyyəti artır. Bu vaxtda ağır idmana girmək böyrəklərin iş tempini dəyişdirir, tarazlığı pozur. Bu zaman idman edən kəs bir stəkan isti suya iki qaşıq alma sirkəsi qatıb ilıq hala gəldikdən sonra içsə, bədəninin gümrahlığına nail ola bilər. Qlükoza və amin turşusu maddələri qanda müəyyən nisbətlərdə artır, fəaliyyət üçün enerji yaranır. Bu vaxtlarda yeyiləcək qida maksimum həzm olunur. Karbohidratlar maddələr mübadiləsi tərəfindən bundan sonrakı zaman mərhələlərində şiddətlə ehtiyac olan enerjiyə çevrilir.
Bu yaş dövründə qan təzyiqi və ürək təzyiqi artır. Yüksək təzyiqi və ürək problemi olanların bu vaxtda problem yaşaya biləcəyi səbəbindən idman edilməməlidir. Xüsusilə ürək problemi olanlar damar sərtləşməsi və tıxanması kimi ölümcül hadisələri yaşaya bilərlər. Belə problemi olan insanların saat 10-dan sonra idman məşqləri etməsi məsləhətdir. Həmçinin bu yaş təbəqəsinə aid insanların axşam saatlarında yürüş və ya yüngül qaçış etmələri də kifayətdir.
Təbii ki, göstərilən bu saatlarda uşaqların, xüsusilə 6-10 yaşlı uşaqların idman etməsi qadağan olunur. Çünki onlarda bədənin güc və dözmə imkanı azdır.
Uşaqları özümüz qoruyaq!
Valideyn övladının sağlam olmasını, idmançı kimi yetişməsini arzulayır. Elə buna görə də bir çox valideynlər övladlarını 5-14 yaş arasında hər hansı idman növü ilə məşğul olmağa sövq edirlər. Təbii ki, bilinməyən hallar nəticəsində azyaşlı uşaqlarda müəyyən problemlər yaranır. Bu yaşda uşaqlar daha çox gün ortasında məşq etməlidirlər. Eyni zamanda onlar üçün seçilən idman növləri də yaşlarına uyğun olmalıdır. Məsələn, uşaqların akrobatika, gimnastika, üzgüçülük və bu kimi növlərə 5 yaşından, döyüş növlərinə isə daha yuxarı yaşlarından başlaması düzgündür. Həkimlər qeyd edirlər ki, azyaşlı uşaqlar 5 yaşdan tez idmanla məşğul olsalar, sağlamlıqlarında müəyyən problemlər yaranar. Azyaşlı uşaqların sümükləri zəif olduğuna görə yüklənmələr zamanı həmin sümüklər deformasiyaya uğraya bilər. Ona görə akrobatika və gimnastika ilə uşaqlar 5 yaşından məşğul olmalıdırlar. Valideynlər uşaqlarını hər hansı idman məktəbinə yazdıran zaman tələsməməli, uşağın bədəninin və fiziki durumunun hansı idman növünə daha uyğun olduğunu müəyyənləşdirməlidirlər. Məsələn, elə uşaq var ki, oynaq və əzələləri möhkəmdir, nə qədər yumşaltmağa çalışsan da, alınmır. Ona görə akrobatika və gimnastika ilə məşğul olmaq istəyən uşaqların oynaqlarının yumşaqlığı və onların bədəninin kiçik test məşqlərinə cavabına nəzər yetirmək lazımdır. Əgər məşqçi uşaqda irəliləyiş görsə, onun bu növdə məşqinə etiraz etməz.
Digər tərəfdən, valideynlər uşaqlarını idmana apararkən, ilk növbədə, onların bu növə maraq və həvəslərini, motivasiyalarını, gələcək plan və məqsədlərini öyrənməlidirlər. Uşaqların 5-6 yaş arasında akrobatika və üzgüçülük kimi növlərlə məşğul olması onların çevik və cəld olmasına şərait yaradır. Nəticədə, uşaq 9-14 yaşında digər növlərə hazır olur. Onların isə ən uyğun məşq saatları 14-17 aralığıdır. Bu vaxt, adətən, bədənin enerjiyə qovuşduğu zamandır. Bu zaman təkrar aktivləşmə başlayır, bədəndə istilik düşür və uşaqlar daha az tərləyir. Həmçinin bədənin dayanıqlılığı və dözümlülüyü artır, daxili və xarici orqanların fəaliyyəti yüksək olur. Qüvvət artımı və oksigen xərclənməsi yüksəlir.
Hər saat məşq etməyə uyğun təbəqə
Gənc nəsil üçün (18-35 yaş) idman etmək həyatdan zövq almaq kimidir. Çünki bu dövrdə insanın özünəməxsus xüsusiyyətləri, hiperaktiv olub-olmadığı aydın bilinir. Sakittəbiətli, yaradıcılığa həvəsi olan insan aqressiv sayılan döyüş idman növləri üzrə məşqə gedərsə, onda müəyyən aqressiya yaranacaq. Əksinə, hiperaktiv, daim hərəkətdə olan, bir yerdə dayanmayan insan daha hərəkətli idman növlərini seçməlidir. Sakittəbiətli insanların isə daha çox seçdikləri idman növləri üzgüçülük, gimnastika, şahmat olur.
Gənc nəsil idmanla daha çox saat 17-19 arasında məşğul olmalıdır. Səbəblərinə gəlincə, yuxu impulsları günorta vaxtı güclənir və bu saatlarda tamamilə “məhv” olur. Bədən formasını yığır. İstirahət etmiş bədəni bir qədər gücə salmaq, aktivliyi artırmaq məqsədəuyğun olur. Axşam yeməyindən öncə məşq, ardınca isə vitaminli meyvə-tərəvəz bədəndə immuniteti artırır. Bu saatlar ürəyi zəif, təzyiqi aşağı və müəyyən problemləri olan 35-50 yaşlı insanlar üçün məşq etmək düzgün deyil. Çünki bu saatda təzyiq və nəbz düşür, bədən istirahət etməyə ehtiyac duyur. Həzm orqanları yavaşlamağa başlayır. Bu vaxtlarda çox ağır qidalar qəbul edilməməlidir. Çünki mədənin həzmetmə gücü zəifləyir.
Ceyhun Məmmədov