Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin futbol meydançasında mini-futbol üzrə şəhər ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən turnir başa çatıb.
Novruz bayramı münasibətilə Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi turnir olimpiya sistemi üzrə keçirilib.
İki gün davam edən turnirin həlledici qarşılaşmasında bütün rəqiblərini məğlub edən 16 və 10 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Final görüşündə də üstün oyun sərgiləyən 16 nömrəli tam orta məktəbin şagirdləri meydanı 4:2 hesablı qələbə ilə tərk ediblər. Bununla onlar turnirin qalibi adını qazanıblar. Üçüncü yer uğrunda meydana 11 və 14 nömrəli məktəblərin komandaları çıxıb. Gərgin keçən matçda qələbə qazanan 11 nömrəli tam orta məktəbin komandası turnirin üçüncüsü olub.
Qalib komandalara diplom və kubok təqdim edilib.
Ceyhun Məmmədov