Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı, rayon Təhsil Şöbəsi və Şərur Olimpiya-İdman Kompleksinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş rayon ümumtəhsil məktəblərinin qız şagirdləri arasında basketbol idman növü üzrə yarış keçirilib. Yarışda 9 komanda iştirak edib. Tədbirin açılışında Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov və Şərur Olimpiya-İdman Kompleksinin direktoru Rza Camalov çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib. Daha baxımlı oyun sərgiləyən Yengicə kənd tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Şərur şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, Siyaqut kənd tam orta məktəbinin komandası üçüncü olublar.
Sonda qaliblər hədiyyə və diplomlarla mükafatlandırılıblar.
Ceyhun Məmmədov