Şərur rayonunun Aralıq kənd tam orta məktəbinin futbol meydançasında tam orta məktəblərin arasında “Novruz kuboku” uğrunda mini-futbol üzrə birincilik keçirilib.
Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilik 3 gün davam edib. 10 məktəbin komandasının mübarizə apardığı yarış olimpiya sistemi üzrə keçirilib. Beynəlxalq mini-futbol qaydalarına uyğun olaraq keçirilən birinciliyin final görüşündən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov muxtar respublikada idmana göstərilən diqqət və qayğıdan danışıblar.
İlk olaraq meydana üçüncü yer uğrunda mübarizə aparan Qarxun və Siyaqut kənd tam orta məktəblərinin komandaları çıxıb. Bu görüşdə daha üstün oyun sərgiləyən birincilər meydanı qələbə ilə tərk ediblər. Final görüşündə isə Aralıq və Sərxanlı kənd tam orta məktəblərinin komandaları qalibi müəyyənləşdirməyə çalışıblar. Gərgin keçən mübarizə nəticəsində aralıqlı məktəblilər rəqiblərini 5:0 hesabı ilə məğlub edərək birinciliyin qalibi olublar.
Sonda ilk üç pillədə qərarlaşan komandalara təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.
Ceyhun Məmmədov