22 Dekabr 2024, Bazar

İdmanın kütləvi hal alması, gənclər arasında hər növün ayrılıqda təbliğ olunması üçün muxtar respublikamızda federasiyalar fəaliyyət göstərir. Belə qurumların iş prinsipi və vəzifələri nədən ibarətdir? İdman federasiyası öz statusuna görə qeyri-hökumət təşkilatıdır. İdman federasiyalarının yaradılması, fəaliyyəti, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən həyata keçirilir. 

Federasiyalar idman növlərini inkişaf etdirir, öz səlahiyyətləri çərçivəsində milli yığma komandaları formalaşdırır və idmançıların beynəlxalq yarışlarda iştirakını təmin edir. İdman federasiyaları idmanın inkişafına, idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərməli, beynəlxalq idman təşkilatlarının üzvü statusuna uyğun şəkildə qanunvericiliyə zidd olmayan hüquqlar əldə etməli və vəzifələr daşıya bilməlidirlər. Ümumilikdə, yalnız bir məqsəd olmalıdır: idman növlərini inkişaf etdirmək və ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcək idmançılar yetişdirmək.

Hazırda Naxçıvan Muxtar Respublikasında 12 idman federasiyası fəaliyyət göstərir. Federasiyalar mütəmadi olaraq Gənclər və İdman Nazirliyi ilə birgə yarışlar, turnirlər təşkil etməklə uşaq və yeniyetmələrin, gənclərin idmana cəlbi üçün çalışırlar. Bəs federasiyaların rayonlardakı bölmələri necə fəaliyyət göstərir? Bununla yaxından maraqlanmaq, eləcə də onların məşq proseslərini izləmək üçün ilk olaraq Şahbuz rayonuna yollandıq. Gördüklərimizdən belə qənaətə gəldik ki, bəzi federasiyaların rayon bölmələrinin fəaliyyəti qənaətbəxş deyil. Niyəsinə gəlincə...
Hazırda Şahbuz rayonunda yeniyetmə və gənclərin idmana cəlbi üçün müxtəlif tədbirlər həyata keçirilir. Təbii ki, bu işdə rayon Gənc­lər və İdman İdarəsinin, həmçinin Uşaq-gənclər idman məktəbinin rolu böyükdür. Federasiyaların bölmələrinin iş prinsipinə gəlincə, rayonda olduğumuz iki gün ərzində ilk olaraq Karate-do Federasiyasının məşq prosesində iştirak etdik. Həftənin tək günləri Uşaq-gənclər idman məktəbinin idman zalında bu idman növünün sirlərini öyrənmək üçün federasiya tərəfindən kifayət qədər təbliğat işləri görülüb. Daha çox kiçikyaşlıların müraciət etdiyi karate-do məşqləri federasiyanın təyin etdiyi məşqçi-müəllim Elxan Sadiq­ov tərəfindən aparılır. Bu məktəbin idman zalında həmçinin Boks və Güləş federasiyalarının da məşqləri aparılır. Həftənin 6 günü məşqlər keçirilir. Məşqçilər Hüseyn Hüseynli və Sahil Səfərovla söhbətimizdə məlum oldu ki, bu növlərin inkişafı yönündə federasiyalar, həmçinin rayon Gənclər və İdman İdarəsi lazımi işləri görürlər.
Şahbuz rayonunda Yüngül Atletika Federasiyasının bölməsi də fəaliyyət göstərir. Federasiya tərəfindən bu bölməyə məşqçi-müəllim kimi İdris Qəhrəmanov təyin edilib. Məşqlər isə hava şəraitinə uyğun olaraq rayon stadionunun qaçış zolağı və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında aparılır. Ötən ilin sonlarında Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi uşaq atletikasının inkişafı üçün seminara uyğun olaraq, hal-hazırda rayonda bu istiqamətdə işlər görülür. Basketbol Federasiyasının bölməsində isə məşqlər Tural İmambəyliyə həvalə olunub.
Şahbuzda bəzi federasiyalar tərəfindən bölmələr yaradılıb, amma məşqlər keçirilmir. Bəs bu federasiyalar hansılardır? Hava və Ekstremal İdman Növləri Federasiyası Şahbuz Dövlət Təbiət Qoruğunda bölmə yaradıb. Təbii ki, bu yerdə onların bölmə yaratması normal haldır. Adından da məlum olduğu kimi, bu federasiya yalnız bu tipli yerlərdə inkişafa nail ola bilər. Lakin federasiyanın bölməsi fəaliyyət göstərmir. Rayon gəncləri ilə söhbətimizdə məlum oldu ki, federasiyanın bölməsi yalnız yarışdan yarışa idmançı toplayır və yarışa aparır. Elə yaradılan Paralimpiya Federasiyasının bölməsinin də işi eynidir: bölmə var, məşqçi və məşq yoxdur. Yalnız yarışlar, turnirlər zamanı iş yenə Gənc­lər və İdman İdarəsinin üzərinə düşür. Qısası, federasiyanın bölməsinin işini bu qurum görür.
Şahbuz rayonunda bəzi federasiya bölmələrinin işi olmasa da, nədənsə, onlar görülən işləri öz adlarına çıxırlar: yarışlar zamanı federasiya tərəfindən rayonun müəyyən qurumlarına məlumat verilir, idmançılar toplanılır və yarışda federasiya adına iştirak edir. Federasiyalar yalnız idmançıların yol xərclərini ödəyirlər. Əmin ola bilərsiniz ki, futbol, voleybol və atıcılıq idman növlərində idmançıların püxtələşməsinin səbəbkarı Gənclər və İdman İdarəsidir.
Şahmat Federasiyasının bölməsi olmasa da, rayon Təhsil Şöbəsinin nəzdində Şahbuz şəhərində şahmat məktəbi fəaliyyət göstərir. Həmçinin bu növün inkişafı üçün rayonun bütün ümumtəhsil məktəblərində şahmat dərsləri tədris olunur.
Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev bildirdi ki, bu federasiyanın bölməsi mart ayında fəaliyyətə başlayıb. Artıq məşqçi də təyin edilib.
Göründüyü kimi, bəzi federasiyalar öz işlərini düzgün idman siyasəti çərçivəsində qursalar da, bəzilərində hələ də axsamalar var. Bunun nə zamana kimi davam edəcəyi məlum deyil. Məlum olan bir şey var: Şahbuz rayonunda idmanın inkişafı üçün əsas ağırlıq Gənclər və İdman İdarəsi ilə Uşaq-gənclər idman məktəbinin üzərinə düşüb. Lakin iş bununla yekunlaşmır: federasiyaların da idmançı yetişdirməkdə müəyyən maraqları olmalıdır. Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində (İdmanın təşviqi və təbliği) qeyd olunduğu kimi “Müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, bədən tərbiyəsi və idman yönümlü təşkilatlar əhalinin müxtəlif qruplarının yaş, peşə və sosial xüsusiyyətlərini nəzərə almaqla, bədən tərbiyəsi və idmanın təbliği, forma və metodlarını müəyyən edirlər, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etməlidirlər”.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR