Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən “Şahin” hərbi-idman oyununa yekun vurulub.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Zaur Həmidov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı Elxan Seyidov gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb, şahinlərə uğurlar arzulayıblar.
Yarışda 16 tam orta məktəbin komandası mübarizə aparıb. Hərbi-idman oyununda komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə öz qüvvələrini sınayıblar. Nəticəyə əsasən, 1 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. 15 nömrəli tam orta məktəbin komandası ikinci, 16 və 2 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü yerə layiq görülüblər. Qalib komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklar ilə mükafatlandırılıblar.
Qeyd edək ki, birinci və ikinci yerlərin qalibləri olan 1 və 15 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.
* * *
Ordubad rayonunda yerləşən “N” hərbi hissədə rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Birincilikdə 9 komandada 126 şagird iştirak edib.
Birinciliyin açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək iştirakçılara yarışın qaydaları haqqında məlumat verib.
Yekun nəticəyə əsasən, bütün rəqiblərini qabaqlayan Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin komandası birinci yerə layiq görülüb. Digər iki pillədə Ordubad şəhər 3 nömrəli və Dəstə kənd 1 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
İlk 3 pillədə qərarlaşan komandalara və yarışlarda fərdi surətdə fərqlənən şagirdlərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Ceyhun Məmmədov