Bakı şəhərində keçirilən karate-do üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan açıq çempionatına yekun vurulub.
Azərbaycan Milli Karate Federasiyasının təşkil etdiyi çempionatda ölkənin bütün regionları ilə yanaşı, İran İslam Respublikasının da 3 komandası iştirak edib. Bu çempionatda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 5 yetirməsi mübarizə aparıb və onlar 4 müxtəlif əyyarlı medal qazanıblar.
Komandamızın heyətində ən uğurlu nəticəni 14-15 yaşlılar arasında mübarizə aparan Sərcan Məmmədov əldə edib. 52 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələyən idmançımız Azərbaycan çempionu adını qazanıb. Bu yaş qrupunda 57 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Murad Ələkbərov isə finala gedən yolda məğlubiyyətlə üzləşib, çempionatı üçüncü pillədə başa vurub. 11 yaş qrupunda 37 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Vüsal Seyidov yalnız həlledici görüşdə məğlub olaraq çempionatı ikinci pillədə başa vurub. 9 yaş qrupunda 35 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Şıxəlili isə üçüncü olub.
İdmançılarımıza diplom və medallar təqdim edilib.
Ceyhun Məmmədov