Martın 9-da "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrasına həsr olunmuş tədbir keçirilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Şahmat Federasiyasının birgə təşkil etdiyi şahmat üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulmuşdur. Turnir 4 gün davam etmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu qədim idman növünün kütləviliyinin təmin olunması, şahmat müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və onların maddi-texniki bazasının gücləndirilməsi, bu sahədə yüksək peşəkarlıq səviyyəsinə malik müəssisələrin formalaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. 2009-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası 1 qrossmeyster, 1 beynəlxalq usta, 2 FİDE ustası, 1 beynəlxalq hakim yetişdirmişdir. Hazırda muxtar respublikamızda 100-dən artıq şahmatçının beynəlxalq reytinqi vardır. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə bir neçə dəfə test imtahanları keçirilmiş, müəllimlərə sertifikat verilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək demişdir ki, muxtar respublikamızda idmanın kütləviliyinin artırılması, bu sahə üzrə istedadlı uşaq və gənclərin aşkar edilməsi, onların qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işin keyfiyyətinin yüksəldilməsi məqsədilə idman federasiyaları ilə birgə iş diqqətdə saxlanılır. Muxtar respublikada digər idman növləri kimi, şahmatın da inkişafına xüsusi diqqət yetirilir. Muxtar respublikada fəaliyyət göstərən şahmat məktəblərinin hamısı müasir üslubda tikilmiş, yüksək maddi-texniki bazaya malik binalarda yerləşirlər. Bu məktəblər yeni kompüter və elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunmuşdur.
Qeyd edilmişdir ki, şahmat uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayır. Şahmatla məşğul olan uşaqlar bütün fənləri daha yaxşı mənimsəyirlər. Bu baxımdan ümumtəhsil məktəblərinin I-XI siniflərində həftədə 2 saat olmaqla şahmat fənni tədris olunur. Məktəblərdə olan elektron lövhələrdən istifadə edilərək müasir təlim üsulları ilə şahmatın sirləri şagirdlərimizə aşılanır, həmçinin bu dərslərin internet üzərindən tədrisinə diqqət artırılır.
Gənclər və idman naziri Azad Cabbarov çıxışında diqqətə çatdırmışdır ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan müşavirələrdə verilən tapşırıqların icrasını təmin etmək məqsədilə tədbirlər planı hazırlanaraq uğurla icra olunur. Nazirlik gənclərin sağlam düşüncə tərzinə uyğun formalaşması, asudə vaxtının səmərəli təşkili, milli-vətənpərvərlik ruhunun təbliği, idmanın kütləviliyinə nail olunması, idman federasiyalarının işinin düzgün təşkili baxımından fəaliyyətini daha da gücləndirməyə çalışmışdır. Hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 40 min nəfəri ötmüşdür. Bədən tərbiyəsi və idmanla məşğul olanların 37281 nəfəri 7 yaşdan 18 yaşadək olanlar, bunlardan 30055 nəfəri oğlanlar, 7226 nəfəri isə qızlardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında gənclərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, intellektual inkişafı, sağlam həyat tərzinin təbliği diqqət mərkəzində saxlanılır.
Yaradılan şərait, şahmatın inkişafına göstərilən qayğı gənclərin şahmat idman növünə olan marağının artmasına, istedadlı şahmatçıların yetişməsinə və beynəlxalq yarışlarda uğurlu nəticələrin qazanılmasına imkan verir. Bu gün muxtar respublikada 3 mindən artıq məktəbli şahmatın sirlərini öyrənir. Eyni zamanda ümumtəhsil məktəblərində şahmat dərsləri tədris olunur. Bu da gənclərin əqli inkişafına, onların dəqiq elmlərə olan marağının artmasına səbəb olmuşdur.
Turnirin reqlamentinə əsasən, 8, 10 və 12 yaşlı oğlanların, həmçinin 12 yaşadək qızların mübarizəsində hər yaş qrupunda ilk 3 pilləni tutan zəka sahibləri mükafatlandırılmışlar.
Sonra tədbir iştirakçıları “Naxçıvan şahmatı – nailiyyətləri və perspektivləri” adlı sənədli filmə baxmışlar.
Sonda Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının konserti olmuşdur.
Ceyhun Məmmədov