22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib.
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən birincilikdə 80-ə yaxın idmançı tatami üzərinə çıxıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi yarış iki gün davam edəcək və 10 çəki dərəcəsində idmançılar qalib adı uğrunda mübarizə aparacaqlar.
Birinciliyin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın sağlamlığının möhkəmlənməsində, gənc­lərin fiziki inkişafında bədən tərbiyəsinin əhəmiyyətini və rolunu nəzərə alaraq 5 martın Azərbaycan Respublikasında Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması haqqında 2005-ci il 4 mart tarixli Sərəncam imzaladığını xatırladıb.

Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazanılan böyük uğurları ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəyyənləşdirdiyi idman siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən yeni müstəvidə davam etdirilməsinin məntiqi nəticəsi kimi səciyyələndirib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib ki, idmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait ölkəmizi Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirib. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Bütün bunlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir. Bu gün Cüdo Federasiyası muxtar respublikada bu idmanın inkişafı üçün müəyyən addımlar atır. Çünki hər zaman Azərbaycan yığmasının heyətində Naxçıvan cüdoçuları öz uğurları ilə fərqləniblər.
Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri Fariz Hüseynov isə çıxışında qeyd edib ki, bu gün Naxçıvanda idmanın kütləvi hal alması üçün hər bir şərait var. Bizim məqsədimiz perspektivli cüdoçuları üzə çıxarmaq və Naxçıvan yığmasını formalaşdırmaqdır.
İki gün davam edəcək birincilikdə bu gün yarımfinal və final görüşləri keçiriləcək.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR