Muxtar respublikamızda məşqçi-müəllimlər, hakimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Növbəti seminar dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının təşkilatçılığı ilə cüdo məşqçiləri və hakimləri üçün keçirilib. Seminarı giriş sözü ilə Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov açaraq muxtar respublikada bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib.
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan cüdo üzrə seminarda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov çıxış ediblər.
Seminarın mahiyyəti barədə danışan federasiya nümayəndələri yeni qaydalar barədə məlumat veriblər və onları izahlı şəkildə kompüter vasitəsilə nümayiş etdiriblər. Fəndlərin tətbiqi, hakimlərin və məşqçilərin bu fəndlərə qiyməti seminar zamanı müzakirə olunub.
Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində cüdo üzrə muxtar respublika birinciliyinə start veriləcək və federasiya nümayəndələri bu yarışda iştirak edəcəklər.
* * *
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarış iki gün davam edib və 60-dan çox dəri əlcək sahibi qalib adı uğrunda mübarizə aparıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının birgə təşkil etdiyi birincilikdə idmançılar 12 çəki dərəcəsində rinqə çıxıblar.
Naxçıvan şəhərinin, Ordubad və Kəngərli rayonlarının dəri əlcək sahiblərinin final görüşləri gərgin idman mübarizəsi şəraitində keçib. Yarışın yekun nəticəsinə əsasən, Hüseyn Hüseynov (Naxçıvan şəhəri, 28 kiloqram), Ayxan Quliyev (Naxçıvan şəhəri, 42 kiloqram), Kənan Zamanlı (Naxçıvan şəhəri, 44 kiloqram), Kənan İbrahimov (Ordubad rayonu, 48 kiloqram), Muxtar Fərzəliyev (Naxçıvan şəhəri, 52 kiloqram), Əhməd Rzayev (Naxçıvan şəhəri, 56 kiloqram), Kiran Bayramov (Kəngərli rayonu, 60 kiloqram), İbrahim Cəfərzadə (Naxçıvan şəhəri, 64 kiloqram), Yuris Allahverdiyev (Naxçıvan şəhəri, 69 kiloqram), Məhəmmədəli Bağırov (Naxçıvan şəhəri, 75 kiloqram), Toğrul İsmayıllı (Naxçıvan şəhəri, 81 kiloqram) və Samiq Heydərli (Naxçıvan şəhəri, 91 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Sonda hər çəki dərəcəsində ilk üç pilləni tutan idmançılara diplom təqdim edilib.
* * *
5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında voleybol yarışı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yarışda hər biri 6 nəfərdən ibarət 5 komanda iştirak edib.
Tədbirdə Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Fuad Səfərov çıxış edərək bildiriblər ki, bu yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı gənclər arasında idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, həmçinin onların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Yarışın nəticələrinə görə, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə diplomları təqdim edilib.
* * *
Dünən Naxçıvan Muxtar Respublika Stadionunda muxtar respublikanın orta ixtisas və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri arasında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş velosiped idman növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi birincilikdə 16-18 yaş arası oğlan və qızlar güclərini sınayıblar.
Yarışdan əvvəl çıxış edən Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Azər Məmmədov muxtar respublikada idmanın geniş yayılması üçün görülən və görüləcək işlər barədə danışıblar. İdmançıları təbrik edən təşkilatçıların çıxışından sonra yarışa start verilib.
160-a yaxın idmançının çıxış etdiyi birincilikdə qızların mübarizəsində finiş xəttinə daha tez Naxçıvan Musiqi Kollecinin tələbəsi Kəmalə Əliyeva çatıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Günəş Cahangirova ikinci, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Lalə Kərimova isə üçüncü yerə çıxıblar. Oğlanların mübarizəsində isə mükafatçılar Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Belə ki, Ayxan Seyidov, Musa Sadiqov və Ramin Zamanov müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçıların diplomları təqdim edilib.
Ceyhun Məmmədov