Muxtar respublikamızda intellektual səviyyəli, vətənpərvər, istedadlı gənclərin yetişdirilməsində, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində məktəbdənkənar tərbiyə müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Belə tərbiyə müəssisələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Muxtar respublikanın ayrı-ayrı rayonlarında şahmat məktəbləri, uşaq-gənclər yaradıcılıq mərkəzləri və başqa məktəbdənkənar müəssisələr üçün binalar tikilir və ya əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilir. Həmin müəssisələrdə fəaliyyət göstərən dərnəklərə xeyli şagird cəlb edilib. Bu dərnəklərin fəaliyyəti sayəsində uşaqların maraq və qabiliyyətlərinin inkişaf etdirilməsi və düzgün formalaşdırılması istiqamətində xeyli işlər görülüb və görülməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi, dünən ilk dəfə olaraq Naxçıvan Şahmat Mərkəzi ilə rayon şahmat məktəbləri arasında interaktiv əlaqə yaradılıb. Şahmat Mərkəzində keçilən dərsi muxtar respublikanın rayonlarının şahmat məktəblərində bu idman növü ilə məşğul olan 150-dən çox şahmatçı internet üzərindən izləyib.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev bildirib ki, ilk dəfə bu cür əlaqənin yaradılması muxtar respublikada şahmat idman növünə marağın daha da artırılması məqsədi daşıyır. Federasiyanın bundan sonra da təşkil edəcəyi dərslər, eyni zamanda məktəbli şahmatçılar arasında münasibətlərin də yaranmasına səbəb olacaq.
Ceyhun Məmmədov