Ötən həftə Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idmançıları arasında keçirilən güc çoxnövçülüyü üzrə ölkə çempionatına yekun vurulub. Üç gün davam edən yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yığma komandası da iştirak edib. İdmançılarımız bu yarışda uğurlu çıxış edərək 7 medal qazanıblar. İdmançılarımızdan ən uğurlu nəticəni 65 kiloqram çəki dərəcəsində Rəşad Həsənov, 80 kiloqram çəki dərəcəsində Cavanşir Yaqubov, 90 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev və 90+ kiloqram çəki dərəcəsində Kamil Salayev əldə ediblər. Belə ki, bu idmançılarımız bütün rəqiblərini üstələyərək çempionatın qalibi adını qazanıblar. 70 kiloqram çəki dərəcəsində Orxan Babayev, 75 kiloqram çəki dərəcəsində Rasif Məmmədov və 90+ kiloqram çəki dərəcəsində isə Rauf Vəliyev üçüncü olublar. Qeyd edək ki, Rasif Məmmədov eyni zamanda qol güləşi yarışında da bürünc medal qazanıb.
Sonda çempionatda yer tutan idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medallar təqdim olunub.
Ceyhun Məmmədov