Naxçıvan Muxtar Respublikasında idmançılar üçün yaradılan şərait mütəmadi olaraq onların uğur qazanması ilə nəticələnir. Son dövrlər idmançılarımızın beynəlxalq arenalarda Azərbaycan bayrağını dalğalandırmaları artıq ənənə halını alıb. İran İslam Respublikasının Astara şəhərində keçirilən karate-do üzrə beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 4 yetirməsi də iştirak edib. 16 komanda və 200-dən çox idmançının iştirak etdiyi beynəlxalq turnirdə karateçilərimiz 3 medal qazanıblar. Belə ki, 27 kiloqram çəki dərəcəsində Vüsal Seyidov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 35 kiloqram çəki dərəcəsində İmran Həsənov və 50 kiloqram çəki dərəcəsində Sərxan Məmmədov isə yalnız final görüşlərində məğlub olaraq gümüş medalla kifayətləniblər.
Sonda idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.
Ceyhun Məmmədov