İran İslam Respublikasının Maku şəhərində keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Bu turnirdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri təmsil ediblər. Turnirdə İran və Türkiyə komandaları da mübarizə aparıblar.
Dəri əlcək sahiblərimiz turnirdə uğurlu nəticə əldə etməklə komandamızın aktivinə 7 müxtəlif əyarlı medal yazdırıblar. Boks həvəskarları finalda Naxçıvan idmançılarının görüşünü maraqla izləyiblər. Belə ki, 64 kiloqram çəki dərəcəsinin həlledici qarşılaşmasında Samiq Seyidzadə və Yenisey İmanov üz-üzə gəlib. Görüş birincinin qələbəsi ilə yekunlaşıb. Samiq Seyidzadə kimi Arzuman Tağıyev də turniri qızıl medalla başa vurub. O, 60 kiloqram çəki dərəcəsində rəqib tanımayıb. 69 və 75 kiloqram çəki dərəcələrində mübarizə aparan Yuris Allahverdiyev və Şükür Hüseynov yalnız final görüşlərində məğlub olaraq turnirin ikincisi olublar. Arif Babayev (56 kiloqram) və Ayxan İsayev (81 kiloqram) isə bürünc mükafat qazanıblar.
Sonda idmançılarımıza diplom, medal, komandamıza isə kubok təqdim olunub.
Ceyhun Məmmədov