Babək rayonunda Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş basketbol turniri keçirilib. Babək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən tədbiri Uşaq-Gənclər İdman Məktəbinin direktoru Füzuli Salmanov açaraq Xocalı faciəsindən danışıb.
Sonra yarışın baş hakimi Fərəc Cəfərov oyunun qaydaları barədə komandalara məlumat verib. Xocalıda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə yarışa start verilib. Gərgin keçən mübarizə şəraitində turnirin birinci pilləsinə Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandası yüksəlib. İkinci yerə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin, üçüncü yerə isə Nehrəm kənd 3 nömrəli tam orta məktəbin komandaları layiq görülüblər.
Qalib komandalar diplomlarla təltif ediliblər.
Ceyhun Məmmədov