Boks üzrə gənclərin Azərbaycan çempionatına yekun vurulub. Bu çempionatda Naxçıvan Muxtar Respublikası boks məktəbinin yetirmələri də öz güclərini sınayıblar. Yarışda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində Sərxan Əliyev qazanıb. O, ilk iki mərhələdə müvafiq olaraq Qadir Məmmədov və Füzuli Tağıyevi mübarizədən kənarlaşdırıb. 1/4 final mərhələsində dəri əlcək sahibimiz Aqil Qəmbərlidən üstün olub. Finala gedən yolda isə Sərxan Əliyev Ədalət Əmirovu üstələyib. Həlledici qarşılaşmada boksçumuz Elton Məmmədovu məğlub edərək respublika çempionu adını qazanıb. Digər idmançımız, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Toğrul İsmayıllı isə yarımfinala kimi itkisiz irəliləyib. Lakin final görüşündən öncə məğlub olan dəri əlcək sahibimiz çempionatı bürünc medalla başa vurub.
Bu nəticə ilə Naxçıvan boks komandası ölkə çempionatını 1 qızıl, 1 bürünc medalla 3-cü pillədə başa vurub.
Ceyhun Məmmədov