22 Dekabr 2024, Bazar

Sağlam gəncliyin formalaşması aparılan düzgün siyasətin nəticəsidir. Bu gün Azərbaycan gəncinin yüksək pillələrdə özünə yer tapması məhz bunun bariz nümunəsidir. Gənc­lərin idman sahəsinə marağının artırılması ölkəmizdə ön planda duran əsas məsələlərdəndir. İdman sağlam həyat tərzini insan üçün sığorta edən ən gözəl vasitədir. Məhz bu amili nəzərə alıb qəzetimizin bu sayından etibarən sağlam həyat tərzinin formalaşdırılması ilə bağlı yazıları oxucularımıza təqdim edəcəyik. 

İnsan ilk olaraq öz sağlamlığını qorumalı, özü özünün həkimi olmalıdır. Bunun üçün çox da ciddi işlər görmək tələb olunmur: sadəcə, gün ərzində 30-50 dəqiqəlik məşq həyatımızda böyük dəyişikliklərə səbəb ola bilər. İdman edən və etməyən insanları müqayisə etdikdə maraqlı faktlarla qarşılaşırıq. İdmanla məşğul olmağın ən böyük üstünlüklərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır. İdman hərəkətləri qanda olan təhlükəli trombların sorulmasına kömək edir və orqanizmin qocalmasının qarşısını alır. Lakin bu hal idman etməyən insanlarda çox nadir hallarda baş verir. Passiv həyat tərzi keçirənlər aktiv hərəkətlər etmədikcə, oksigen hər bir hüceyrəyə daxil olmur, nəticədə, daxili üzvlərdə tənəffüs aktivləşmir, dəri təravətlənmir, qan dövranı pisləşir.
Yaş fərqindən asılı olmayaraq, insan idmanla məşğul olarkən əzələləri tonuslanır. Bu da fiziki hazırlıq almış oynaqların yüksək hərəkətlər etməsinə səbəb olur. Əks təqdirdə, insan ideal olmayan çəkiyə “sahiblənir” və artıq çəki onun həyat aktivliyini azaldır.

Oturaq həyat tərzi keçirən və idmanla məşğul olmayanlardan fərqli olaraq, hobbi kimi olsa belə, idmana üstünlük verən, idmanla məşğul olan insanlarda ehtiyat qüvvələri artaraq xroniki yorğunluğu aradan qaldırır. Bu zaman beyində əlavə oksigen ehtiyatı yaranır ki, bu da bütün gün ərzində insanı enerjili edir. Bununla bərabər, idman hərəkətlərinə görə insan iştahasını da nəzarətdə saxlayır.
Daim hərəkətdə olmamaq dərin və sakit yuxu əldə edilməsinə maneçilik törədir, gün ərzində toplanmış sinir gərginliyindən insan uzaqlaşa bilmir. İdmanla məşğul olmamaq gün ərzində fiziki olaraq qeyri-aktiv insan tipi formalaşdırır. Ancaq idman insanda motivasiya yaradır və yuxusuzluğu dəf etməyə kömək edir. Çünki bu zaman orqanizmdə adrenalin və stress əmələ gətirən digər hormonların artıqlığı azalmış olur.
İdmanla məşğul olmayan insanda öz gücünə inam həmişə az olub. Bu, insanın əhval-ruhiyyəsinə və xarici görünüşünə də mənfi təsir göstərir. Hərəkətsizlik maddələr mübadiləsini və bağırsaqların peris­taltikasını (hərəkət) stimulyasiya etmir. Məhz buna görə idmanla məşğul olmayanlar siqareti atmaqda hər zaman çətinlik çəkirlər. Siqaret aludəçilərinin qanında əlavə oksigen toplanmır və o, mütəmadi olaraq azalır.
Araşdırmalardan sonra məlum olub ki, yaxşı fiziki hazırlıq, idmanla məşğul olmaq insanı ən ağır cərrahi əməliyyatlar zamanı belə, qoruyur. Hobbi kimi idmanla məşğul olmaq belə, keçirilmiş ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan tez sağalmağa kömək edir. Bu zaman güclü əzələlərin oksigeni mənimsəmək qabiliyyəti yüksək olur, nə qədər çox oksigen alsalar, orqan və toxumaların funksiyasının bərpası da bir o qədər tez gedir. Məhz buna görə bəzi cərrahi əməliyyatlardan öncə xəstələrə xüsusi idman hərəkətləri etdirilir.
İdmanla gün ərzində məşğul olmaq fiziki gərginliyi aradan qaldırmaqla yanaşı, insan orqanizmində müəyyən problemlərin də həllində müstəsna rol oynayır. Özünü idmana məcbur edənlərdə zaman keçdikcə bu, adət halını alır. İdmanla məşğul olmayanların, işlədiyi işi bəhanə edərək vaxt azlığından gileylənənlərin 60 faizdən çoxu 40 yaş həddindən sonra bu sahəyə maraq göstərməyə başlayırlar. Lakin nisbətən gənc yaşlarında əldə olunacaq sağlamlıqlarından məhrum olanların bu yaşda idmana maraq göstərməsi onların orqanizmlərində müəyyən ağrılara səbəb olur. Bu yaşdan sonra ən ideal idman isə yürüş və yüngül atletikadır. Bədəndə artıq yağların əriməsi, orqanizmin rahatlaşması üçün ideal variantdan başlamaq məqsədəuyğundur.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR