Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının məşqçi-müəllim heyətinin və idmançılarının iştirakı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi, onların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə təşkil edilən tədbiri Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Səbuhi Novruzov açıb.
Nazirliyin Kadrlar şöbəsinin rəisi, polis mayoru Tahir Həsənov çıxış edərək bildirib ki, muxtar respublikamızda digər sahələr kimi, idman və bədən tərbiyəsinin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin nəticəsidir ki, ötən dövr ərzində muxtar respublikada olimpiya-idman kompleksləri, müxtəlif idman qurğuları, uşaq idman məktəbləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Yaradılmış şəraitdən Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançıları da yararlanıb və ötən dövr ərzində uğurlu nəticələr əldə ediblər. Qeyd olunub ki, federasiyanın tərkibində 5 idman klubu (taekvando, kikboksinq, budakan, karate-do və MMA qaydasız döyüş növü) və 15 nəfərdən ibarət hakim kollegiyası fəaliyyət göstərir. 400-dən artıq idmançını özündə birləşdirən federasiyada 8 yerli və Bakı şəhərindən dəvət olunmuş 3 təcrübəli məşqçi-müəllim fəaliyyət göstərir. Həmin məşqçi-müəllimlər gənc idmançıların psixoloji, fiziki və texniki hazırlıqlarının yüksəldilməsində mühüm rol oynayır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası yarandığı gündən bu günədək 80 yarış keçirib, qalib komandalar və idmançılar müvafiq diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar. Ötən dövrdə idmançılar Avropa, Asiya və dünya çempionatlarında layiqincə təmsil olunub, onlardan 16 nəfəri Avropa, 2 nəfəri Asiya, 15 nəfəri dünya çempionu, 5 nəfəri isə beynəlxalq turnirlərin qalibi adlarına layiq görülüblər. Beynəlxalq turnirlərdə iştirak edən idmançılardan 6 nəfəri qızıl medal qazanıb.
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev 2016-cı il yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların həyata keçirilməsində federasiyanın fəaliyyətindən danışıb, gənc idmançıların asudə vaxtlarının səmərəli keçirilməsində bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib.
Sonra tədbir iştirakçıları “Koroğlunun Çənlibelə qayıdışı” tamaşasına baxıblar.
Qeyd edək ki, tamaşada ölkəmizin təlatümlər, təhlükələr içərisində, daxili çəkişmələr, xarici təsirlər nəticəsində dağılmaq üzrə olduğu bir vaxtda xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya, ikinci dəfə ali hakimiyyətə qayıdışından bəhs olunur.
Səbuhi Həsənov