İdmançılar bu aylarda qidalanmaya xüsusi fikir verməlidir
İdman edərkən bəzən kiçik səhvlərimiz insan orqanizmi üçün sonradan müəyyən fəsadlar törədir ki, bu da zaman keçdikcə bədəndə müəyyən anormallıq yaradır. İdman mütəxəssislərinin apardığı araşdırmalar zamanı məlum olub ki, ilin hər fəslində idman fərqli halda edilməlidir. Məsələn, yay və yaz aylarında daha çox açıq havada məşq etmək məsləhət görülür.
Təbii ki, qış fəslində də açıq havada idmanla məşğul olmaq orqanizmin daha sağlam inkişaf etməsinə zəmin yaradır. Lakin qış aylarında açıq havada məşq edərkən bəzi məqamları bilmək vacibdir. Bunlardan biri məşqə başlamazdan əvvəl isinmə hərəkətləridir. Soyuq qış aylarında isinmə, gərilmə hərəkətləri əzələləri dartınmaqdan, əzilmələrdən qoruyur. Peşəkar idmançılar isinmə hərəkətlərini 45-55, qeyri-peşəkar idmançılar isə 20-25 dəqiqə etməlidir. Qış aylarında idman edərkən daha çox geyimə fikir vermək lazımdır: tərkibi yun və ya pambıq geyimlər bu fəsil üçün məqsədəuyğun deyil. Çünki bu geyimlər tərlə birgə isinir və bədəni nəmli saxlayır.
Qış aylarında açıq havada idmanla məşğul olduqda insan orqanizmindən tər ilə birlikdə kalium və natrium duzları xaric olunur. Bu baxımdan prosedurlardan əlavə, tərkibi protein olan pəhrizlərdən istifadə etmək məsləhətdir.
Bəs itirilmiş enerjini necə bərpa etmək olar və ya qidalanma zamanı nəyə fikir vermək lazımdır?
İsti havadan fərqli olaraq, soyuq havada səhər yeməyindən 2 saat, nahardan isə 4 saat keçməmiş idman etmək məsləhət görülmür. Bu zaman sağlamlıq üçün bəzi sadə prosedurları tətbiq etmək lazımdır. Bunların ən əsası isə məşqlər zamanı itirilən enerjini bərpa etməkdir. Enerjini artırmaq üçün istəyə uyğun natrium və kalium tərkibli yeməklərlə qidalanmaq və çoxlu maye qəbul etmək olar. Bəzi idman mütəxəssisləri qeyd edirlər ki, qış aylarında məşq zamanı çoxlu maye qəbul etmək sağlamlığa daha təsirlidir. Gün ərzində bir dəfə məşq edənlər (hobbi kimi) 1,5 litr maye qəbul etməlidirlər.
Ümumiyyətlə, soyuq havada məşq etdikdən sonra protein kokteyllərindən istifadə faydalıdır. Həmin kokteyllər əzələ kütləsini artırmağa kömək etməklə yanaşı, orqanizmə heç bir kimyəvi təsir göstərmir. Bir şəxs peşəkar və ya gündəlik idmanla məşğul olmaq istəyir və məşq müddəti 1-3 saatdırsa, o zaman protein kokteyllərindən istifadə vacib şərtdir.
İdmançıların ən böyük problemi onların çəki məsələlərində bir qədər səhlənkar olmalarıdır. Müəyyən qidalar onların kökəlmələrinə səbəb olur. Odur ki, qış aylarında pəhrizə riayət etmək üçün proteinlə zəngin qidalar və 2 ovuc kişmiş yemək kafidir. Məşqdən dərhal sonra içilən proteinli kokteyl bədənin gücünü bərpa edir və zülalların əzələlərdəki sintez prosesini sürətləndirir.
Bəzən güclü məşqdən sonra havanın temperaturuna uyğun olaraq yeməyi də planlaşdırmaq olar. Təbii ki, bu ara müddət 2-4 saat olmalıdır.
İstəyə uyğun olaraq yumurta, təzə meyvə şirəsi, mövsümi meyvələr, tərəvəzlər, balıq əti, kartof yemək itirilmiş enerjini yenidən bərpa edir və onu əzələ kütləsinə çevirir.
Ceyhun Məmmədov