Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər və kişilər arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi və 2 gün davam edən birincilikdə 70-ə yaxın idmançı mübarizə aparıb. Birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, federasiyanın sədr müavini Cavanşir Salayev 20 Yanvar faciəsi haqqında danışıblar.
Birinciliyin reqlamentinə gəlincə, gənclər və kişilər 10 çəki dərəcəsində rinqə çıxıblar. Gənclərin mübarizəsində idmançılar 45, 51, 54, 57 və 67 kiloqram, kişilərin mübarizəsində isə 60, 65, 71, 75 və 81 kiloqram çəki dərəcələrində birincilik uğrunda mübarizə aparıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda daha çox 60 və 65 kiloqramda mübarizə aparan idmançıların döyüşləri maraq kəsb edib. Belə ki, 60 kiloqram çəki dərəcəsində dünya çempionu Nail Hüseynov Mərdan Muradovu məğlub edərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. 65 kiloqram çəki dərəcəsində isə tamaşaçılar nokautun şahidi olublar. Belə ki, Avropa birinciliyinin qalibi Ruslan Musayev bir neçə beynəlxalq turnirin qalibi olan Samiq Seyidzadə ilə üz-üzə gəlib. S.Seyidzadənin ikinci raunddakı qüvvətli zərbəsi rəqibin nokautu ilə yekunlaşıb. Kişilərin mübarizəsində digər çəki dərəcələrində Sarvan İsayev (71 kiloqram), İbrahim İbrahimli (75 kiloqram) və Mais Quliyev (85 kiloqram) birinciliyin qalibi olublar.
Gənclərin final görüşlərində isə Sənan Əliyev (45 kiloqram), Sahil Cəfərov (51 kiloqram), Rauf Həsənov (54 kiloqram), Murad Hüseynov (57 kiloqram) və Əbülfəz Əliyev (67 kiloqram) rinqi qalib tərk edərək birinciliyin baş mükafatını qazanıblar.
Sonda hər çəki dərəcəsində ilk 3 pilləni tutan idmançılara diplom və medal təqdim olunub.
Ceyhun Məmmədov