Culfa Rayon Uşaq-gənclər şahmat idman məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş şahmatın tempo növü üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 34 şahmatçı mübarizə aparıb. Yarışdan öncə Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli və Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov çıxış edərək keçirilən tədbirin mahiyyəti və 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Yekun nəticəyə əsasən, Culfa şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Əli Qulamzadə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Culfa şəhər 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Elcan Qulamzadə ikinci, Culfa şəhər 3 nömrəli tam orta məktəbin V sinif şagirdi Vüsal Hüseynli isə üçüncü olublar.
Qalib və fərqlənən idmançılar Culfa Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin diplomları ilə təltif ediliblər.
Ceyhun Məmmədov