Bakı şəhərində fəaliyyət göstərən “Sərhədçi” Olimpiya-İdman Mərkəzində böyüklər arasında taekvando üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Taekvando Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparıblar. Üç gün davam edən turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvandoçular yarışıblar. Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi də iştirak edib. Məşqçi-müəllim Fərid Tağızadənin rəhbərliyi ilə paytaxta yollanan idmançımız Elman Əliyev tatamiyə 87+ kiloqram çəki dərəcəsində çıxıb. O, finala kimi bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada Mərkəzi Ordu İdman Klubunun idmançısı Ceyhun Həsənli ilə üz-üzə gəlib. Bu görüşdə məğlub olan idmançımız Azərbaycan çempionatını ikinci pillədə başa vurub.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.
Ceyhun Məmmədov