31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmələr (2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı iştirak edib. Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov qarşıdan gələn bayramlar münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.
Yarışın yekun nəticəsinə əsasən, Nizami Məmmədli (27 kq), Həmzə Rəhimli (30 kq), Sənan Cəfərov (34 kq), Fuad Gözəlov (38 kq), Fuad Əşrəfli (42 kq), Rüfət Zeynalov (46 kq), İsmayıl Abbaslı (50 kq) və Əlişan Rəhimli (54 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda müvafiq çəki dərəcələrində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Ceyhun Məmmədov