Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdikləri kişilər arasında basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.
Çempionatın keçirilməsində əsas məqsəd muxtar respublikada basketbol idman növünü daha geniş inkişaf etdirmək, müasir basketbol sisteminə keçmək və basketbol üzrə yığma komandanı müəyyən edib Azərbaycan çempionatında iştirakına nail olmaq idi. Çempionat iki dövrədən ibarət olub. İlk dövrəyə mart ayında start verilib və iyunun 8-də yekun vurulub. Çempionatın ikinci dövrəsi isə 27 sentyabr- 26 dekabr tarixləri arasında keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən çempionatın final qarşılaşmasında “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Naxçıvan” komandasının qələbəsi ilə yekunlaşıb – 87:50. Bununla, onlar ilk dəfə keçirilən kişilər arasında basketbol üzrə muxtar respublika çempionatını qalib kimi başa vurublar. “Culfa” komandası isə çempionatı üçüncü pillədə başa vurub.
Sonda hər üç komandaya Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın isə kubok və hədiyyələri təqdim olunub.
Ceyhun Məmmədov