Azərbaycan boksunun tanınmış nümayəndələrindən biri olan mərhum Abbas Ağalarovun xatirəsinə həsr edilən gənc boksçular arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. Bakı şəhərində keçirilən turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İsrailin 74 boksçusu iştirak edib. Azərbaycan yığması bu turnirdə 10 çəki dərəcəsində 3 komanda ilə mübarizə aparıb. Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Sərxan Əliyev də gücünü sınayıb. 60 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibimiz ilk mərhələdə İsrail boksçusunu məğlub edib. Yarımfinal görüşündə turnirin favoriti qazaxıstanlı Sultan Şarşovu məğlub edən Sərxan Əliyev həlledici görüşə vəsiqə qazanıb. Final görüşündə də onun rəqibi Qazaxıstan təmsilçisi olub. Nurbol Sultanbay ilə qarşılaşan idmançımız rəqibini məğlub edərək turnirin qalibi olub.
Qeyd edək ki, Abbas Ağalarovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə Azərbaycan yığması cəmi 2 qızıl medal qazanıb ki, onun da biri Sərxan Əliyevin aktivinə yazılıb.
Sonda qalib idmançımıza diplom, medal və kubok təqdim edilib.
Ceyhun Məmmədov