Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib.
Çempionatın dəyişməz liderləri “Naxçıvan” və “Ordubad” komandaları 13-cü turu da qələbə ilə başa vurublar. Turnir cədvəlinin son pilləsində qərarlaşan “Sədərək” komandası naxçıvanlı həmkarlarının qonağı olub və meydanı 35:61 hesablı məğlubiyyətlə tərk edib. “Ordubad” komandası isə növbəti iki xalını Babək səfərində əldə edib.
“Babək” komandası qarşısında qələbə qazanmaq onlar üçün elə də çətin olmayıb – 21:52. Liderlərə yaxınlaşmağa çalışan Culfa basketbolçuları buna nisbətən də olsa, nail olublar. Öz meydanında “Lokomotiv”lə görüş 14 xallıq fərqlə yekunlaşıb – 45:31. Bu turun “Şərur”-“Naxçıvan” Universiteti görüşü isə növbəti həftə keçiriləcək.
Ceyhun Məmmədov