Muxtar respublikamızda məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Növbəti seminar dekabrın 16-17-də Gənclər və İdman, Təhsil nazirlikləri və Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib. Dekabrın 16-da məşqçilər üçün nəzəri seminar təşkil edilib. Seminarı giriş sözü ilə federasiyanın sədr müavini İntiqam Rəhimov açıb. O, çıxışında Naxçıvan Muxtar Respublikasında bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib.
Sonra Azərbaycan Atletika Federasiyasından Naxçıvana gəlmiş məşqçi-müəllimlər, beynəlxalq dərəcəli lektorlar və respublika dərəcəli hakimlər Aqil Paşayev və Ceyhun Hüseynov çıxış ediblər. Hər iki lektor əvvəlcə seminarın mövzuları barədə danışıblar. Bildirilib ki, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası atletika idman növündə kütləviliyi artırmaq üçün 2003-cü ildə assosiasiyanın konqresində uşaq atletikasının inkişafına dair rəngarəng “Kids Athletics” (Uşaq atletikası) adlı layihə təqdim edib və 2005-ci ildən bu layihənin icrasına başlanılıb.
“Kids Athletics”, əsasən, 6-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsində əsas məqsəd uşaqların idmanla məşğul olmalarını, əylənmələrini və eyni zamanda onların fiziki cəhətdən inkişafını təmin etməkdir. Buna görə də “Kids Athletics” layihəsi, əsasən, mütəhərrik oyunlar və komanda yarışları əsasında tərtib olunub. Bu layihə atletika idman növünü peşəkar atletika və uşaq atletikası olmaqla, 2 hissəyə bölüb.
Qeyd edək ki, “Kids Athletics” proqramının Azərbaycanda tətbiqinə 6-9 sentyabr 2012-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının layihəsi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş “Kids Athletics” adlı beynəlxalq seminardan sonra başlanılıb.
Seminarın ikinci günündə məşqçilər məktəbli uşaqlarla Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində praktik məşqlər keçiblər. 6 komanda (Əlincə, Sədərək, Ordubad, Babək, Arpaçay, Batabat) və 100-ə yaxın uşaq atlet seminarda layihəyə daxil olan sədlərlə qaçış, ip atdı, top atma, vortek atma, çarpazvarı tullanma və dözümlülük kimi növlərdə mübarizə aparıb.
Seminardan sonra hər iki lektorun fikirlərini öyrəndik. Aqil Paşayev ilk olaraq bu cür seminarın təşkilatçılarına minnətdarlığını bildirdi. O vurğuladı ki, seminarın ilk günündə məşqçilərə adıçəkilən layihə barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi atletikanı Azərbaycanda sevilən bir idman növü halına gətirmək, uşaqlarda bu növə marağı artırmaqdır. Praktik məşqlərdə uşaqların nə qədər həvəsli olduğunu diqqətə çatdıran Aqil Paşayev istedadlı uşaqların adlarını qeyd etdiklərini və növbəti aydan etibarən həftənin 3 günü bu uşaqlara məşqlər keçiriləcəyini dedi.
Ceyhun Hüseynovun sözlərinə görə, Naxçıvanda atletika və digər idman növlərinin inkişafına xüsusi diqqət göstərilir. İstifadəyə verilən və güclü maddi-texniki bazaya malik olan idman obyektləri bunun əyani sübutudur. Ceyhun Hüseynov bildirdi ki, bu dəfə “Kids Athletics” proqramını tətbiq etmək üçün öncə məşqçiləri məlumatlandırdıq. Növbəti gün isə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində praktik məşqlər keçdik. Belə seminarlar növbəti aylarda da təşkil ediləcək.
Ceyhun Məmmədov