Sədərək Rayon Mərkəzi Xəstəxanasında uşaq, yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər.
Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən müayinələrdə idmançıların kütləvi iştirakı təmin olunub.
Rayonda fəaliyyət göstərən idman federasiyalarının bölmələrinin 250-dən çox idmançısı və Uşaq-Gənclər İdman Məktəbinin ayrı-ayrı bölmələrinin idmançıları müayinədən keçirilib. Müayinələr zamanı səhhətində problem olan idmançılara müəyyən vaxt ərzində məşqlərdən uzaqlaşmaları və müalicə almaları məsləhət görülüb.
* * *
Babək rayonunda fəaliyyət göstərən idman federasiyalarının yerli bölmələrinin və Uşaq-Gənclər İdman Məktəbinin uşaq, yeniyetmə və gənc idmançılarının da növbəti tibbi müayinəsi təşkil edilib.
Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinədə səhhətində müəyyən problemləri olan idmançılara müalicə yazılaraq məşqlərə bir müddət ara vermələri tövsiyə olunub.
Keçirilən tibbi müayinələrdə, ümumilikdə, futbol, sərbəst güləş, basketbol, yüngül atletika bölmələrindən 230-dan çox idmançı iştirak edib.
Ceyhun Məmmədov