Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının təşkil etdiyi futbol üzrə XIV Naxçıvan Muxtar Respublika çempionatının ilk dövrəsi başa çatıb.
10 komandanın mübarizə apardığı çempionatın ilk mərhələsinin son turu liderlərin qarşılaşması ilə yadda qalıb. Bu tura kimi turnir cədvəlində liderliyi əldən verməyən “DİN-Darıdağ” mövsümdə ilk məğlubiyyəti ilə üzləşib. Doğma arenada çempionatın favoriti “Araz-Naxçıvan”ı qəbul edən “DİN-Darıdağ” meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib. Onların 9-cu turda məğlub olmasından Naxçıvan Dövlət Universitetinin (NDU) komandası maksimum yararlanıb. Səfərdə “Batabat”dan üstün olan (2:4) tələbələr turnir cədvəlindəki mövqelərini bir qədər yaxşılaşdırıblar. Digər 3 oyunda isə meydan sahibləri aktivlərinə üç xal yazdırmağa müvəffəq olublar. “Arpaçay” çempionatın autsayderi “Sədərək” komandasını, “Babək” isə “Kəngərli” komandasını böyük hesabla üstələyib – 3:0. “Dübəndi”-“Əlincə” görüşündə isə ordubadlılar mövsüm ərzində ikinci qələbələrini bayram ediblər – 2:1.
Futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının ilk dövrəsi “Araz-Naxçıvan”ın liderliyi ilə yekunlaşıb. “DİN-Darıdağ” komandası eyni xala malik olsa da, “qırmızı-ağlar” səfərdə rəqiblərini üstələdiyinə görə liderliyi ələ alıblar. İndi onların 2015-2016-cı illər mövsümündə yenidən muxtar respublika çempionu olmaq şansı böyükdür. Liderlər cərgəsində qərarlaşan “DİN-Darıdağ” və NDU çempionatın ikinci dövrəsində “Araz-Naxçıvan”ın qonağı olacaq. “DİN-Darıdağ”ı çətin “Arpaçay” səfəri gözləyir. Hər il olduğu kimi, yenə də sərgilədikləri oyunlarla Şərur futbolçuları çempionata rəng qatmaqdadırlar. Onlar cari mövsümdə yalnız 2 komandaya məğlub olmalarına baxmayaraq, əzmkar mübarizələri ilə yadda qalıblar. Çempionatın taleyini turnir cədvəlinin ilk 4 pilləsində qərarlaşan komandaların öz aralarındakı oyunları həll edəcək desək, yanılmarıq. Birinci və dördüncü pillələr arasında 5 xallıq fərqin onlar arasında oynanılacaq görüşlərdə dəyişiləcəyini güman etmək olar.
İlk “dördlük”dən fərqli olaraq turnir cədvəlinin alt pillələrində qərarlaşan komandalar arasında elə də güclü rəqabət getmir. Yalnız “Batabat” və “Babək” komandaları üst pillələrdə qərarlaşmağa can atırlar. Ötən mövsümdə olduğu kimi, yenə də ilk dövrənin yekun turnir cədvəlinin sonuncu pilləsində “Sədərək” komandası yer alıb. Keçirdikləri 9 görüşdə sədərəklilər aktivlərinə bir xal belə yazdırmayıblar.
İlk dövrənin yekun nəticəsinə əsasən, qapısından ən az qol buraxan komanda “Araz-Naxçıvan” (9 qol), rəqib qapıçıları ən çox məyus edən komanda isə “DİN-Darıdağ”dır (37 qol). Ən az qol vuran komanda “Sədərək” (5 qol), ən çox qol buraxan komanda isə “Dübəndi”dir (30 qol).
Çempionatın geridə qalan 9 turu ərzində ən çox qaydaları pozan komanda “Babək”dir – 10 sarı, 4 qırmızı vərəqə. Onları 11 sarı, 3 qırmızı vərəqə ilə Naxçıvan Dövlət Universitetinin komandası izləyir. Bu cədvəlin digər pillələrində “Araz-Naxçıvan” (14 sarı vərəqə), “Kəngərli” (14 sarı vərəqə), “Əlincə” (10 sarı, 2 qırmızı vərəqə), “Arpaçay” (12 sarı vərəqə), “DİN-Darıdağ” (8 sarı vərəqə), “Batabat” (6 sarı, 1 qırmızı vərəqə), “Dübəndi” (6 sarı vərəqə) və “Sədərək” (5 sarı vərəqə) komandaları qərarlaşıb.
9 tur ərzində rəqib qapılarına ən çox qol vuran futbolçu isə Mahir Babayevdir. “DİN-Darıdağ” komandasının hücumçusu bu görüşlərdə 12 dəfə fərqlənməyə müvəffəq olub. Onu 9 qolla “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov izləyir.
İlk dövrənin yekun turnir cədvəli
Ceyhun Məmmədov