Dünən Sahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Sahbuz rayon bölməsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar yüngül atletika üzrə rayon turniri keçirilib. Turnirdə 9 komanda, hər komandanın tərkibində 5 oğlan və 4 qız atlet mübarizə aparıb. Oğlanlar 100, 200, 400, 800, 1500 metr, qızlar isə 100, 200, 400, 800 metr məsafələrdə güclərini sınayıblar.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində təyin edilən məsafəni müvafiq olaraq Nail Dadaşov, Elxan Hüseynli, Tayfun Qulubəyli, Cəmil Cəmilli və Məqsəd İsgəndərli hamıdan tez başa vuraraq birinci yerə layiq görülüblər. Qızlar arasında isə Səməngül İsmayılova, Nərmin Rüstəmli, Gülsüm Məmmədova və Mədinə İbrahimova rəqiblərini qabaqlamağa müvəffəq olublar.
Komanda hesabında isə Uşaq-gənclər idman məktəbinin komandası turnirin qalibi olub. Digər iki pillədə Biçənək kənd tam orta məktəbinin və Sahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandaları qərarlaşıb.
Qalib idmançılara və komandalara turnir təşkilatçılarının xatirə diplomları təqdim edilib.
Ceyhun Məmmədov