Dünən Naxçıvan Dövlət Universitetinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birinciliyin keçirilməsində məqsəd voleybol idman növünün gənclər arasında təbliğ edilməsidir.
Altı komandanın mübarizə apardığı birincilik Beynəlxalq Voleybol Federasiyasının qaydalarına əsasən olimpiya sistemi üzrə keçirilib. Yarış başlanmazdan əvvəl çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və federasiyanın sədr müavini Aydın Mirzəyev yarışın mahiyyəti və qaydaları haqqında iştirakçılara məlumat veriblər.
Bütün rəqiblərini üstələyən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin komandaları həlledici qarşılaşmada üz-üzə gəliblər. Daha baxımlı oyun sərgiləyən Naxçıvan Dövlət Universitetinin komandası birinciliyin qalibi olub.
Sonda qalib komandaya diplom və hədiyyə təqdim edilib.
Ceyhun Məmmədov