Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına və idmançılara göstərilən diqqət öz bəhrəsini qazanılan uğurlarda da göstərir. 2015-ci ilin son aylarında idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlərə daha biri əlavə olunub. Ötən həftə Rusiyanın Medın şəhərində universal döyüş növü üzrə dünya çempionatı keçirilib. Bu çempionatda Azərbaycan yığması da iştirak edib. Rusiyaya millimizin heyətində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi də yollanıb. 80 kiloqram çəki dərəcəsində Azərbaycanı idmançımız Xəyal Abdullayev təmsil edib və o, dünya çempionatını gümüş medalla başa vurub.
Xəyal Abdullayev ilk görüşündə azərbaycanlı idmançı Mehman Hüseynovu məğlub edib və yarımfinala yüksəlib. Onun bu mərhələdəki rəqibi özbək idmançı Uluqbek Qadoyev olub. Keçirdiyi bu görüşdə də rinqi qələbə ilə tərk edən Xəyal Abdullayev həlledici qarşılaşmada rusiyalı idmançı Aliasxab Xizriyevlə qarşılaşıb. Final döyüşündə məğlub olan idmançımız gümüş medalla kifayətlənib.
Dünya çempionatı barədə fikirlərini bizimlə bölüşən Xəyal Abdullayev dedi: “Bu dünya çempionatı mənim üçün çox önəmli idi. Avropa çempionatında gümüş medal qazanmışdım və istəyirdim, dünya birinciliyində fəxri kürsünün ən yüksək zirvəsinə qalxam. Buna görə yarışa ciddi hazırlaşmışdım. Naxçıvanda məşqlərimi davam etdirdikdən sonra Azərbaycan yığmasının təlim-məşq toplanışında iştirak etdim. Dünya çempionatında ilk iki turu uğurla başa vurdum. Lakin finalda üstünlük əldə etsəm də, bunu qoruya bilmədim. Məşqlər üçün hər bir şərait yaradılıb və bundan maksimum istifadə etmək istəyirəm”.
Qeyd edək ki, dünya çempionatını ikinci pillədə başa vuran Xəyal Abdullayevə diplom və medal təqdim edilib.
Ceyhun Məmmədov