İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Paralimpiya Federasiyasının təşkilatçılığı ilə xalq-uşaq oyunlarından ibarət əyləncəli idman yarışı keçirilib.
Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və muxtar respublika Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq-uşaq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, adət-ənənələrimizi, etnoqrafiyamızı özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatıb. Belə oyunlar mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Yarışın keçirilməsində məqsəd xalq-uşaq oyunlarını təbliğ etmək, uşaqlarda bu oyunlara olan marağı artırmaqdır.
Sonra yarışa start verilib. Yarışda 4 komanda qələbə uğrunda mübarizə aparıb. Əyləncəli idman yarışında fəallığına görə seçilən “Qartal” komandası qalib olub. Qalib komandaya və digərlərinə mükafat və hədiyyələr təqdim edilib.
Xəbərlər şöbəsi