22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkil etdikləri məşqçi-müəllimlər və idmançılar üçün   seminarlar davam etdirilir.

Növbəti seminar noyabrın 24-25-də Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilib. Dağ və ekstremal idman növləri üzrə təlim-məşqlərin ilk günündə iştirakçılar üçün nəzəri seminar təşkil edilib.
Seminarda ekstremal idman növləri üzrə təlimçilər Fərid Mustafayev və Əziz Əmirov çıxış ediblər. Onlar ilk olaraq nəzəri məlumatlandırmada məşqçi-müəllimlər, hakimlər və idmançılara dağ yürüşü texnikasında və idman dırmanmasında təlimlər barədə məlumat verib, tədris filmləri nümayiş etdiriblər. Nəzəri seminarda federasiyanın sədr müavini Azər Məmmədov, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək bu növlərin muxtar respublikada geniş yayılması üçün görülən və görüləcək işlər barədə danışıblar.

Dünən isə idmançılar təlim-məşqləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində praktik olaraq davam etdiriblər. Təlimçilər Fərid Mustafayev və Əziz Əmirovun rəhbərliyi altında idmançılara dağa dırmanma, dağdan enmə və qayaya dırmanma, həmçinin dağa dırmanarkən öncədən görüləcək tədbirlər haqqında məlumat verilib.
Seminardan sonra həmsöhbət olduğumuz ekstremal idman növləri üzrə təlimçi Fərid Mustafayev bildirdi ki, bu idman növləri bir qədər ekstrim tələb edir: “Bunun üçün bu növlərlə məşğul olan idmançılar səbirli, təmkinli, eyni zamanda diqqətcil olmalıdırlar. Çünki hər hansı bir səhv faciə ilə nəticələnə bilər. Ona görə də seminarlarda, keçirilən tədbirlərdə bu barədə idmançılara dolğun məlumat verməyə çalışırıq. Bu gün Naxçıvanda da bu növlə məşğul olan idmançılarımıza dağa dırmanarkən hansı tədbirləri öncədən görmək lazım olduğunu bildirdik. Belə təlim-məşqlər muxtar respublikada növbəti aylarda da davam etdiriləcək”.
Qeyd edək ki, praktik təlim-məşqlərdə Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının “İlandağ”, “Qapıcıq” idman klubları və 8 komandanın 100-dən çox idmançısı iştirak edib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR