Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminar başa çatıb. “Naxçıvan” Universitetinin idman zalında baş tutan seminarda gənc basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi, basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin keçmiş kapitanı Tahir Baxşıyev son illər bu idman növünün dəyişən və tətbiq olunan yeni qaydaları barədə məşqçi-müəllimləri və idmançıları məlumatlandırıb. Seminardan sonra Tahir Baxşıyevlə görüşüb həmsöhbət olduq:
– Naxçıvanda basketbolun inkişafı barədə nə deyə bilərsiniz?
– Peşəkar idmançıların yetişməsi üçün, ilk növbədə, basketbolun inkişafını stimullaşdıran lazımi şəraitin yaradılması və bu işə təcrübəli məşqçilərin cəlb edilməsi vacibdir. Naxçıvanda bu istiqamətdə çox işlər görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi istedadlı yeniyetmələri üzə çıxarmaq üçün çempionat təşkil edib. Bu həm də basketbola maraq göstərən istedadlı gənclərin oyun təcrübəsini artırmasında müstəsna rol oynayır. Keçirdiyimiz seminarda məşqçi-müəllimlərə daha çox yeni qaydalar haqqında məlumat verildi. Həmçinin idmançılara oyun təcrübəsini artırmaq, oyun zamanı müəyyən qaydalara riayət edilməsi və oyuna psixoloji hazırlıq barədə məsləhətlərimizi verdik.
– Məlumdur ki, hazırda basketbol üzrə muxtar respublika çempionatı keçirilir. Gənclərdən ibarət yığmanın baş məşqçisi olaraq oyunları izləmək planınız varmı?
– Bu seminar, səhv etmirəmsə, ilk dəfə idi ki, təşkil olunurdu. Mütəmadi olaraq mən, həmçinin yığmanın digər məşqçiləri muxtar respublikada basketbol sahəsində görülən işlərlə maraqlanırıq. Basketbol Federasiyasının nümayəndələri ilə tez-tez bu haqda söhbətlərimiz olur, keçirilən oyunlar barədə məlumat alıram. Təbii ki, qarşıdakı aylarda oyunları izləyəcək və istedadlı gəncləri yığmaya dəvət edəcəyik.
– Adətən, seminarlar məşqçi-müəllimlər və idmançılar üçün təşkil edilir. Hakimlərlə bağlı seminarların təşkilinə ehtiyac varmı?
– Məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminarlardan sonra federasiya rəsmiləri ilə bu barədə söhbətimiz olub. Əgər çempionat keçirilirsə, hakimlər üçün də bunu təşkil etmək mütləqdir. Biz Naxçıvanda bu idman növünün inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik.
– Bir məşqçi kimi muxtar respublikada basketbolun inkişafı və bu sahədə görülən işlər sizi qane etdimi?
– Ümumiyyətlə, basketbolun kütləvi hal alması üçün şəraitin olması vacibdir ki, mən söhbətimizin əvvəlində də bunu dedim. Bir daha demək istəyirəm ki, Naxçıvanda bu istiqamətdə məqsədyönlü addımlar atılıb. Deyərdim ki, tezliklə basketbol muxtar respublikada ən çox sevilən idman növü olacaq.
– Uzun illər yığmanın kapitanı olan və hazırda gənclərlə işləyən Tahir Baxşıyevin Naxçıvanda basketbolla məşğul olan gənclərə məsləhəti nə olardı?
– Basketbol çox mürəkkəb oyundur. Bu oyunda həm ağıl, həm də fiziki hazırlıq eyni dərəcədə vacibdir. Digər tərəfdən oyunda öz hislərini cilovlamağı da bacarmalısan. Amma bu oyunu hissiz, emosiyasız oynamaq da olmaz. Basketbol elə bir oyundur ki, onunla məşğul olan şəxs hərtərəfli inkişaf edir. Üstəlik, bu idman növü ilə məşğul olanda boyun artması, qəddi-qamətin düzəlməsi daha da tezləşir. Naxçıvanda istedadlı uşaqlar çoxluq təşkil edir, onlar bu sahənin peşəkarı olmaq istəyirlərsə, o zaman günün 4-6 saatını məşq etməlidirlər.
Ceyhun Məmmədov