22 Dekabr 2024, Bazar

İnsanların heç biri eyni biçimdə, bir ağılda, bir görünüşdə və bir səviyyədə yaradılmayıb: Tanrı insanı bənzərsiz və təkrarsız yaradıb. İnsanların bir qismi fiziki qüsurludur, sərbəst hərəkət imkanlarından məhrumdur. Lakin bu, o demək deyil ki, bu qəbildən olan insanlar bununla barışmalıdırlar. Onlar fiziki imkanlarının məhdud olmasına baxmayaraq, özlərinə uyğun peşə, sənət və məşğuliyyət növü tapırlar. Bunlardan biri də idmanla məşğul olmalarıdır.

Muxtar respublikada par­alimpiya hərəkatı geniş vüsət alıb. Təqdirəlayiq haldır ki, bu gün idmanın inkişaf səviyyəsinə görə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası digər federasiyalardan heç də geri qalmır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyası mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər keçirir. Belə ki, ilk olaraq muxtar respublikada sağlamlıq imkanları məhdud insanların idmana cəlb olunması üçün onlar federasiyanın nəzdində olan idman növləri ilə tanış ediliblər. İdman növləri barədə məlumatlandırılan sağlamlıq imkanları məhdud insanlarla söhbətlər aparılıb. Həmçinin onlar fərdi və ya kollektiv idman növlərindəki bacarıqlarını nümayiş etdiriblər. Federasiya və nazirlik sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiya etməsi üçün reallaşdırdıqları layihələrin keyfiyyət və istiqamətini diqqət mərkəzində saxlayır. Ona nail olmağa çalışılır ki, keçirilən tədbirlər tədbir xatirinə olmasın, müsbət nəticə ilə yekunlaşsın.

Sağlamlıq imkanları məhdud olan insanlara muxtar respublikada qayğı yüksək səviyyədədir. Bu səbəbdəndir ki, hazırda muxtar respublikada onların idmanla məşğul olması, idman yarışlarında iştirak etməsi təmin olunur. Sağlamlıq imkanları məhdud olsa da, onlar cəmiyyətə inteqrasiya edərək onun yararlı bir üzvünə çevrilirlər.
Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada 294 sağlamlıq imkanları məhdud olan insan idmana cəlb edilib. 10 idman növü – voleybol, qol-bol, yüngül atletika, ağırlıqqaldırma, qol gücü, dama, şahmat, mini- futbol və bədii gimnastika ilə məşğul olanların 123-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumilikdə, bu qruplarla hazırda 36 məşqçi-müəllim məşğul olur.
Cari ilin ilk 10 ayında sağlamlıq imkanları məhdud olan idmançılar arasında bir sıra yarışlar təşkil edilib. Onlar arasında xalq uşaq oyunları xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həmin yarışda 40-a yaxın idmançı mübarizə aparıb. Bununla yanaşı, bu müddət ərzində tennis, darts (lövhəyə oxatma), şahmat, dama, qol-bol üzrə birinciliklər də təşkil olunub ki, burada da 100-dən artıq idmançı qüvvəsini sınayıb.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR