Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə muxtar respublika çempionatının 7-ci turuna yekun vurulub.
Mövsümün açılış oyununda ötən ilin çempionu “Araz-Naxçıvan” muxtar respublika çempionatında ilk dəfə məğlubiyyətlə üzləşib. Belə ki, Naxçıvan Dövlət Universiteti komandasının qonağı olan “qırmızı-ağlar” ilk görüşdə meydanı məyus tərk ediblər – 2:1. Bundan sonra keçirdiyi bütün görüşlərdə qalib gələn “Araz-Naxçıvan” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Cari mövsümdə meydana çıxdığı bütün qarşılaşmaları qələbə ilə başa vuran “DİN-Darıdağ” komandası turnir cədvəlinə başçılıq edir. Onlar son turda “Əlincə” komandasını üstələyərək 21-ci xallarını qazanıblar. Ümumiyyətlə, cari çempionatda bu komandanın baxımlı oyunu diqqətdən yayınmır. İndi ilk dövrənin son matçında onları daha çətin sınaq gözləyir. “Araz-Naxçıvan”la keçiriləcək görüş liderin dəyişməsinə səbəb ola bilər. Naxçıvan Dövlət Universiteti komandası isə meydana çıxdığı 7 görüşdə 2 dəfə məğlub olub. Bu üç komanda cari mövsümdə heç-heçə ilə üzləşməyib.
Ötən illərdə olduğu kimi, cari mövsümün də autsayderləri yenə “Kəngərli” və “Sədərək” komandalarıdır. Düzdür, Kəngərli rayonunun təmsilçiləri bir dəfə üç xal qazanmağa müvəffəq olublar. Lakin onların bu gedişlə üst pillələrə qalxması inandırıcı görünmür. “Batabat” və “Babək” komandaları arasında keçiriləcək görüş isə təxirə salınıb. Bu matçda babəklilər qalib gələcəyi təqdirdə, turnir cədvəlində iki pillə irəliləməyə müvəffəq olacaqlar.
Ceyhun Məmmədov