Gömrükçülərin fiziki sağlamlığını qorumaq, hərbi-vətənpərvərlik ruhunu gücləndirmək, silahdan atış vərdişlərini təkmilləşdirmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və bu növdə ən güclü idmançıları müəyyənləşdirmək məqsədilə keçirilən yarış Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinin peyntbol meydançasında təşkil olunub. Yarışda səkkiz komanda iki yarımqrupda mübarizə aparıb.
Həlledici qarşılaşmada Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin komandası Sədərək Gömrük İdarəsinin komandasını məğlub edərək yarışın qalibi olub. Üçüncülük uğrunda keçirilən oyunda isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin idmançıları “Mühafizə xidməti”ni üstələyib.
Qadın gömrükçülər arasında ilk dəfə keçirilən peyntbol yarışında isə “Komitə” komandası “Culfa Gömrük İdarəsi”ni məğlub edərək qalib olub. Qadın gömrükçülər atıcılığın stend növündə də qüvvələrini sınayıblar.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov atıcılıq idman növünün, o cümlədən peyntbol hərbi-idman oyununun əhəmiyyətindən danışıb. Belə tədbirlərin gömrükçülərin hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından önəmli olduğunu bildirən komitə sədri belə yarışların gələcəkdə də davamlı olaraq keçiriləcəyini qeyd edib.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti