Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatında 10-cu turun oyunlarına yekun vurulub.
Bu tur lider dəyişikliyi ilə yadda qalıb. Belə ki, “Babək”-“Naxçıvan” oyununun təxirə düşməsindən “Ordubad” komandası maksimum istifadə edib. Onlar bu dəfə evdə “Sədərək” komandasını sınağa çəkiblər və meydanı 58:23 hesablı qələbə ilə tərk ediblər.
Liderlər qrupunda yer alan “Culfa” komandası da turu qələbə ilə başa vurub. Düzdür, onlar səfərdə şərurlu həmkarları qarşısında çətinlik çəksələr də, son anda 2 xalı qazanmağa müvəffəq olublar – 32:34. Culfa basketbolçuları kimi, “Lokomotiv” də turu çətin qələbə ilə başa vurub. Səfərdə “Naxçıvan” Universiteti komandasının qonağı olan “Lokomotiv” qazandığı qələbə sayəsində turnir cədvəlində bir pillə irəliləyib – 31:36.
Ceyhun Məmmədov