Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikamızda fəaliyyət göstərən məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminarlar başa çatıb.
Seminarlarda beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Əsgərxan Novruzov, kiçikyaşlı yeniyetmələrin baş məşqçisi, idman ustası Elşad Allahverdiyev və gənclərdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi, idman ustası Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər. Seminarların son günündə isə muxtar respublikaya Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev də gəlib. O, məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edib və yeni qaydalar barədə məşqçiləri məlumatlandırıb. Daha sonra Olimpiya çempionu Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində güləşçilər üçün aparılan məşqi izləyib.
Seminardan sonra Namiq Abdullayevlə söhbətləşdik. O dedi:
– Hər il ənənəvi olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Kuboku” üzrə beynəlxalq turnir keçirilir. Bu yarışın keçirilməsi eyni zamanda muxtar respublikada uşaq və yeniyetmələrin bu idman növünə marağını artırır. Bu sırada beynəlxalq turnirlərin keçirilməsini də qeyd etmək lazımdır. Yarışlardan sonra idmançılara kubok və medallar təqdim edilməsi yeniyetmə idmançılar üçün gözəl bir nümunə olmaqla yanaşı, həm də idmana göstərilən diqqətin bariz nümunəsidir. İnanıram ki, belə mötəbər yarışlara mükəmməl şəkildə ev sahibliyi edən Naxçıvanda güləş hər zaman inkişaf edəcək və idmançılar gələcəkdə daha böyük uğurlar qazanacaqlar. Artıq yaradılan şərait öz bəhrəsini verməkdədir. İndi onlar yığma komandanın heyətinə cəlb olunur, milli komandanın tərkibində böyük turnirlərdə iştirak edirlər. Naxçıvan güləş məktəbinin yetirməsi Hacı Əliyevin ikiqat dünya çempionu, Yaşar Əliyevin Avropa üçüncüsü olması muxtar respublikada bu idman növünün inkişafından, güləş ənənələrinin davam etdirilməsindən xəbər verir.
– Muxtar respublikada keçirilən seminarlar uşaq və yeniyetmə güləşçilərə, yəqin ki, öz müsbət təsirini göstərəcək...
– Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə bu seminarların keçirilməsində məqsəd Dünya Güləş Birliyi tərəfindən dəyişdirilən qaydaları idmançılar və məşqçi-müəllimlərə çatdırmaqdır. Bildiyiniz kimi, məşq prosesində Azərbaycanın adlı-sanlı, böyük uğurları olmuş məşqçiləri iştirak ediblər. Onlar yeni qaydalar, dünyanın güləş aləmində baş verən dəyişikliklər barədə muxtar respublika idmançılarına geniş məlumat verməklə yanaşı, həm də onları praktik olaraq nümayiş etdiriblər. Bu, uşaq və yeniyetmə güləşçilərin püxtələşməsində mühüm rol oynayır və onların bu sahədə bünövrələrinin sağlam qoyulmasına zəmin yaradır. Burada gördüklərim məndə bir daha o qənaəti yaratdı ki, güləşə maraq göstərən naxçıvanlı uşaq və yeniyetmələr bu məşqlərdən xeyli bəhrələniblər.
– Təbii ki, bünövrənin sağlam qoyulması məşqçidən asılıdır. Bəs Azərbaycan Güləş Federasiyasının muxtar respublikada təlim-məşq toplanışı keçmək kimi bir planı varmı?
– Naxçıvanda istedadlı məşqçilər var və onlar gələcəyin dünya, Avropa çempionunu hazırlamağa qadir mütəxəssislərdir. Elə Əsgərxan Novruzov da muxtar respublikanın güləş məktəbinin yetirməsidir. Təklif var ki, qarşıdakı aylarda biz hakimlərlə də bağlı seminarlar təşkil edək. Milli komandanın təlim-məşq toplanışına gəlincə, əslində, bu fikir çoxdan var. Çünki idmançıların rahat yerdə məşq etməsi onların yarışlara daha müsbət enerji ilə hazırlaşmasına təsir göstərir. Naxçıvanda isə idmançılar üçün çox yaxşı şərait yaradılıb, burada müasir infrastruktur qurulub. Yəqin ki, növbəti təlim-məşq toplanışlarından biri məhz Naxçıvanda olacaq.
– Gələcəkdə Naxçıvan güləşçilərindən kimsə sizin uğurlarınızı təkrarlamaq gücünə malikdirmi?
– Naxçıvan güləş məktəbinin böyük tarixi var və hər zaman bu məktəb Azərbaycan güləşinə istedadlı idmançılar bəxş edib. Məsələn, Hacı Əliyev. Növbəti olimpiya oyunlarında biz ondan yalnız qızıl medal gözləyirik. Ümumilikdə, bu arzum və istəyim muxtar respublikada yaradılan şərait müqabilində bütün naxçıvanlı güləşçilər üçündür.
Ceyhun Məmmədov