Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün seminarlar davam etdirilir.
Bu qəbildən seminarların növbətisi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyasının birgə təşkilatçılığı ilə noyabrın 7-də keçirilib. Seminarda muxtar respublikanın şəhər və rayonlarından 20-dən çox məşqçi-müəllim iştirak edib.
Texniki-taktiki seminarda əvvəlcə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev boksçular üçün məşq aparıb.
Naxçıvan Muxtar Respublika Stadionu binasında davam etdirilən seminarda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, son illərdə bütün idman növlərinin, eləcə də boksun inkişafına göstərilən diqqət öz bəhrəsini verməkdə, gənc nəslin bu idman növünə marağı artmaqda, keçirilən yarışlarda uğurlu nəticələr əldə edilməkdədir. Naxçıvanda yüksək səviyyəli yarışların və turnirlərin keçirilməsi, idmançılarımızın dünya arenasında qazandıqları qələbələr boks idman növünün muxtar respublikada inkişafından xəbər verir. Muxtar respublika boksunun dünya idman ailəsinə inteqrasiyasında bu sahənin maddi-texniki bazasının gücləndirilməsi də mühüm rol oynayır. Son illər yaradılan müasir idman infrastrukturu, eyni zamanda bu sahəyə göstərilən diqqət dəri əlcək sahiblərimizi ruhlandırıb.
Keçirilən seminarların əhəmiyyəti barədə də danışan Məmmədcəfər Əliyev deyib ki, məşqçi-müəllim heyətinin bu seminarlara cəlb olunması məşqçi-müəllimlərin yeniliklər, yeni qaydalar haqqında məlumat almasına, ümumilikdə isə boks idman növünün inkişaf etdirilməsinə bilavasitə təkan verir.
Seminarda Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı məşqçi-müəllimlərə Azərbaycanda boks idman növünün inkişafı, nəzəri və praktik əsasları haqqında məlumat verərək bildirib ki, bu idman növündə uğur qazanılması üçün işin nəzəri tərəfindən xəbərdar olmaq, məşqlərə cəlb olunan uşaq və gənclərin psixoloji durumuna yaxından bələd olmaq vacib məsələdir. Yarışlara çıxarılan idmançıların düzgün seçimi də qazanılan uğurların təməlini qoyan amillərdəndir.
Boks üzrə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev isə yeniyetmə boksçuların yarışlarda mütəmadi olaraq iştirakının əhəmiyyətindən danışıb, boks idman növündə perspektiv vəd edən uşaqların seçiminin məktəblərdə aparılmasının vacibliyinə diqqəti çəkib. O qeyd edib ki, boks idman növü ciddi nizam-intizam, dəmir iradə, yaxşı fiziki hazırlıq, cəsarət və döyüşkənlik tələb edir. Ona görə də uşaqlar arasında seçim aparılarkən məhz bu xüsusiyyətləri büruzə verən uşaqlar seçilməlidirlər.
Tədbirdən sonra həmsöhbət olduğumuz Tofiq Babanlı dedi: “Muxtar respublika boksçularının son illərdə beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlar sevindiricidir. Seminar çərçivəsində buradakı məşqlərdə iştirak etdik. Yerli məşqçilərin və boksçuların peşəkarlığı yüksək səviyyədədir. Bütün bunlar əminliklə deməyə imkan verir ki, Naxçıvan boksçuları qazanılan uğurlarla kifayətlənməyərək yaradılan şəraitdən səmərəli istifadə edəcək, yeni-yeni qələbələr qazanacaqlar”.
Daha bir müsahibimiz Nəriman Abdullayev isə dedi ki, bu gün boks üzrə ölkə yığmasının tərkibində naxçıvanlı idmançıların olması muxtar respublikada boks idman növünə göstərilən davamlı qayğının, məşqçi-müəllimlərin əzmkar əməyinin nəticəsində mümkün olub. Bu gün keçirdiyimiz seminarda məşqçi-müəllimlərə daha çox boksun yeni qaydaları haqda məlumat verdik, onlarla fikir mübadiləsi apardıq. Ümumiyyətlə, təcrübəli məşqçi-müəllimlərin iştirak etdiyi bu seminar nəinki məşqçilər, bizim üçün də faydalı oldu.
Məlumat üçün bildirək ki, bundan öncə, noyabrın 6-da belə seminar Şərur Olimpiya-İdman Kompleksində Şərur və Sədərək rayonlarından olan məşqçi-müəllimlər üçün keçirilib. Seminarı kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev və Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı keçiblər. Seminarda hər iki rayondan 50-yə yaxın idmançı iştirak edib. Tədbir zamanı məşqçi-müəllimlərə yeni qaydalar barədə məlumat verilib, aparılan məşqlər zamanı diqqətçəkən mübahisəli məqamlar üzərində müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səbuhi Hüseynov