22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda idmanın inkişafına göstərilən qayğı regionda uşaq, yeniyetmə və gənclərin bu sahəyə axınını gücləndirib. Demək olar ki, idmanın bütün növlərinin kütləvi hal aldığı Naxçıvanda futbol xüsusi maraq kəsb edir. Perspektivli futbolçunu üzə çıxarmaq üçün əsas amillərdən biri isə uşaqlar arasında yerli, regional və ölkə miqyaslı yarışlar təşkil etməkdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi müntəzəm olaraq belə turnirlər keçirir. İstedadlı futbolçular futbol komandalarının heyətinə cəlb olunurlar. 

Bu gün muxtar respublikada uşaq futbolunun inkişafı istiqamətində müəyyən addımlar atılır. Ən əsası isə uşaq futbolunun kütləviliyi üçün futbol məktəblərinin fəaliyyəti bərpa edilir, yeni məktəblər açılır. Son illər Naxçıvanda “Real Madrid Fondu”nun uşaq məktəbi, Açıq Əyləncəli Futbol Məktəbi fəaliyyətə başlayıb və yüzlərlə uşaq bu məktəblərdə futbolun sirlərini öyrənir. Həmçinin “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 10-12, 13-14 və 15 yaşlılardan ibarət qrupları da fəaliyyət göstərir.

Uşaq futbolunun inkişafı, ilk növbədə, məşqçi amilindən asılıdır. Məşqçi meydanda məşq prosesi keçməklə yanaşı, həm də metodist olmalıdır. Futbol həm də bir elmdir. Futbolçunun meydanı görmək bacarığı, ani və düzgün hesablanmış qərar qəbul etməsi də bir elmdir. Yəni futbolçularda istənilən səviyyəni yaratmaq məşqçinin işi ilə ölçülür. Məşqçilərin uşağın xarakterinə uyğun olaraq fərdi planda ona diqqət göstərməsi vacibdir.
Yaş fərqinə baxmayaraq, məşqçi ilə uşaqlar arasında ciddi dostluq telləri olmalı, o, uşaqlarda özünə­inamı və dürüstlüyü tərbiyə edə bilməlidir. Uşaqlardan biri səhv etsə belə, o, bunu səmimi şəkildə etiraf etməli, uşaqların məşq prosesi ilə yanaşı, məşqdənkənar həyatlarını da diqqətdə saxlamalıdır. Məsələn, uşaq futbolunda hər məşqdən öncə məşqçi uşaqların necə qidalanmaları, təhsillərindəki irəliləyişlər, valideynləri ilə münasibətləri barədə geniş müzakirələr aparmalıdır.
Hazırda “Araz-Naxçıvan” futbol komandasının uşaq qruplarında məşqçi kimi Sakit Rzayev, Cavid Həsənov və Rəşad Heydərov fəaliyyət göstərirlər. Hər yaş qrupunda 20-dən çox uşaq futbolun sirlərini öyrənir. Onlar arasında fərqlənənlər isə əsas komandaya cəlb olunur, məşq proseslərini burada keçməklə daha çox təcrübə toplayırlar.
Məşqçilərlə söhbətimiz zamanı məlum oldu ki, müxtəlif yaş qruplarında oynayan uşaq və yeniyetmə futbolçular gələcəyin peşəkar futbolçuları olmaq iqtidarına malikdirlər. “Burada fəaliyyət göstərmək mənə çox xoşdur. Valideynlər gəlib uşaqlarının məşqini izləyirlər. Məşqdən sonra onlarla səmimi ünsiyyətimiz olur”, – deyən məşqçi Sakit Rzayev, ilk olaraq, uşaqların bu sahəyə marağını yaradılan şəraitdə görür: “Futbolun inkişafı və uşaq futbolunun kütləvi hal alması üçün ilkin amil şəraitin olmasıdır. Hazırda “Araz-Naxçıvan” futbol komandasının əsas heyəti ilə yanaşı, 3 yaş qrupu da fəaliyyət göstərir. Biz əsas komandanı formalaşdırmaq üçün uşaq futboluna böyük önəm veririk. Gənclər və İdman Nazirliyi bu yöndə məqsədyönlü tədbirlər görür və uşaq futboluna böyük dəstək olur. Məşqlərimizi Naxçıvan Muxtar Respublika Stadionunda aparırıq və bizə yüzlərlə uşaq müraciət edir. Bu, sevindirici haldır”.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR