Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüşdə “Sədərək” və “Culfa” komandaları qarşılaşıblar.
Görüşdən öncə çıxış edən federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, son illər muxtar respublikada idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız keçirilən yarışlarda uğurlu nəticələr qazanırlar. Bu gün keçirilən voleybol yarışı, həmçinin mütəmadi olaraq təşkil olunan turnirlər bir daha sübut edir ki, muxtar respublikada idmanın inkişafı yüksək səviyyədədir. Aydın Mirzəyev görüşün qaydaları haqda iştirakçıları məlumatlandırıb və onlara uğurlar arzulayıb.
Daha baxımlı oyun sərgiləyən Sədərək voleybolçuları meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər.
Sonda iştirakçılara federasiya tərəfindən hədiyyələr təqdim edilib.
Ceyhun Məmmədov