22 Dekabr 2024, Bazar

 Muxtar respublikada idmanın inkişafı üçün mükəmməl baza yaradılıb

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, son 20 ildə idmanın inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. İdmana və idmançılara qayğı göstərilməsi, yeni olimpiya-idman komplekslərinin və digər idman obyektlərinin tikilməsi bu sahənin hərtərəfli inkişafına təkan vermişdir.  

Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənc­lərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Nəticədə, son 20 ildə muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, peyntbol meydançası istifadəyə verilmiş, məktəblərdə müasir idman zalları yaradılmışdır. İdman növlərinin gənc­lər arasında kütləvi hal alması üçün 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman Növləri, Atıcılıq federasiyaları yaradılmışdır.

Muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı inkişaf etdirmək, yüksək nailiyyətlər qazanmaq və peşəkar idmançılar hazırlamaq üçün Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər həyata keçirilir. Mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi uşaq və yeni­yetmələrin daha geniş miqyasda idmana cəlb olunmasına zəmin yaratmışdır. Qısa vaxt kəsiyində həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq, idmançılarımız mütəmadi olaraq ölkədaxili və beynəlxalq turnirlərdə uğurlar əldə etmişlər.

İdmanın inkişafı və Naxçıvanda bədən tərbiyəsinin həyat tərzinə çevrilməsi həm də yarış təşkilatçılığından asılıdır. Bu gün muxtar respublikada beynəlxalq idman yarışlarının təşkilatçılığı Naxçıvanın təbliğində, regionun turizm potensialının inkişafında əhəmiyyətli təsir vasitəsidir. Yaradılan müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi üçün geniş imkanlar açmışdır. 2003-cü ildə 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatının, müxtəlif vaxtlarda sərbəst və yunan-Roma güləşi üzrə “Naxçıvan kuboku” uğrunda beynəlxalq turnirlərin, “Naxçıvan Open” Beynəlxalq Şahmat festivallarının, 2012-ci ildə üzgüçülük üzrə Azərbaycan çempionatının, 2014-cü ildə veteranlar arasında ağırlıqqaldırma üzrə beynəlxalq yarışın Naxçıvanda keçirilməsi idmanın kütləvi hal almasından xəbər verir.
Təkcə cari ilin ilk 9 ayında Gənc­lər və İdman Nazirliyi ilə idman federasiyaları birlikdə 100-dən artıq yarış keçirmişdir. Bu müddət ərzində idmançılarımız 60-dan çox medal qazanmışlar ki, bunların da 20-yə yaxını beynəlxalq turnirlərdə əldə edilmişdir.
Naxçıvanda qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülür. Ötən il Gənclər və İdman Nazirliyinin nəzdində bədii gimnastika bölməsi fəaliyyətə başlamışdır. Adətən, elit idman növü kimi tanınan bədii gimnastika ilə indi muxtar respublikada 100-dən çox uşaq məşğul olur. Həmçinin cari ilin əvvəlində nazirliyin tərkibində stolüstü tennis bölməsi də açılmışdır. Bölməyə müraciət edənlərin əksəriyyətinin gənc qızlar olması isə sevindirici haldır.
Yaxşı şərait olmadan bunlara nail olmaq mümkün deyil. İdmançıların yarışlarda uğurlu çıxışı üçün, ilk növbədə, onların məşq şəraitinin yüksək səviyyədə olması vacibdir. Bu baxımdan muxtar respublikanın şəhər və rayonlarında istifadəyə verilən, tikilməkdə olan müasir olimpiya-idman kompleksləri, zalları, idman obyektləri mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən yarışlarda, turnirlərdə uğurlu nəticələr əldə edirlər. İdman sahəsində qazanılan nailiyyətlər həm də Naxçıvanın ümumi inkişaf səviyyəsini, iqtisadi potensialının yüksək olduğunu bir daha nümayiş etdirir.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR