22 Dekabr 2024, Bazar

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət və məsuliyyət hissinin, hər an öz Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılmasıdır. Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasının onların hərbi-vətənpərvərlik tərbiyəsinə böyük təsiri var. Məktəblilərin ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm oyunları keçirilir. Müharibə şəraitində yaşayan ölkə­mizdə məktəblərdə hərbi hazırlıq dərslərinin yüksək səviyyədə keçilməsi məqsədilə müasir əyani vəsaitlərlə təmin edilmiş hərbi kabinələrin yaradılmasına və tədrisin ixtisaslı kadrlar tərəfindən aparılmasına xüsusi diqqət yetirilir. Eyni zamanda orta məktəb şagirdlərinin hərbi hissələrə aparılması, onların hərbçilərlə görüşünün təşkil edilməsi gənclərdə vətənpərvərlik hissini daha da yüksəldir, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə edir.
Bu günlərdə Naxçıvan şəhər, Şərur və Şahbuz rayon ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında “Cəsurlar” hərbi-idman və turizm oyununun keçirilməsində də məqsəd yeniyetmələrlə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsini, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazır­lığını və turizm hərəkatının inkişaf etdirilməsini təmin etməkdən ibarət idi. Naxçıvan şəhər, Şərur və Şahbuz rayonlarının Gənclər və İdman idarələri, Təhsil, Mədəniyyət və Turizm şöbələri və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər, Şərur və Şahbuz rayonlarındakı idarə və şöbələrinin birgə təşkil etdikləri yarışlarda iştirak edən şagirdlər sıra hazırlığı, zəhərli zonanın dəf olunması, yaralının döyüş zonasından çıxarılması, turist çadırının qurulması və digər mərhələlər üzrə öz qüvvələrini sınayıblar. Yarışlarda ən yaxşı nəticəni göstərən Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbin, Şahbuz şəhər tam orta məktəbinin və Şərur rayon İbadulla kənd tam orta məktəbinin komandaları muxtar respublika zona mərhələsində iştirak etmək hüququnu əldə ediblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR