22 Dekabr 2024, Bazar

Son illər beynəlxalq idman yarışlarında qazanılan uğurlar Naxçıvan Muxtar Respublikasında idmana göstərilən diqqət və qayğının bariz nümunəsi kimi diqqəti cəlb edir. İdmançılarımızın dünya və Avropa çempionatlarında daim bayrağımızı yüksəltmələri, himnimizi səsləndirmələri bu sahə ilə məşğul olan insanlarda əlavə motivasiya yaradır. Qazanılan uğurlar uşaq və yeniyetmələrin bu sahəyə yüksək dərəcədə maraq göstərmələrinə səbəb olur.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının iki idmançısı Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən WSKU (Dünya Şotokan Karate Birliyi) üzrə 6-cı dünya çempionatında iştirak edib. Onların hər ikisi iki üslub üzrə çıxış ediblər.
Oğlanlar arasında tatami üzərinə 8 yaşlı Rəşid Süleymanov çıxıb. O, karatenin şotokan üslubu üzrə (8 ballıq sistem üzrə) dünya çempionatının bürünc mükafatını qazanıb. Şobu nihon (2 xallıq sistem üzrə) üslubu üzrə isə Rəşid Süleymanov çempionatı ikinci pillədə başa vurub. Bu, karateçimizin beynəlxalq yarışlarda qazandığı ilk uğur deyil. O, Rusiya açıq çempionatının qalibi olmaqla yanaşı, Türkiyənin Antalya şəhərində keçirilən yarışda 4 kateqoriya üzrə tatami üzərinə çıxıb və hər kateqoriyada mükafatçılar sırasına düşməyi bacarıb.

Tbilisi şəhərində keçirilən dünya çempionatında qızların mübarizəsində təmsilçimiz Günay Süleymanova daha böyük uğur əldə edib. Belə ki, 9 yaşlı karateçimiz hər iki üslubda dünya çempionatını qızıl medalla başa vurub. Qardaşı kimi, Günay da karate-do üzrə Rusiya açıq çempionatının mükafatçısı, Türkiyədə keçirilən beynəlxalq turnirin qalibidir.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının üzvlərinin bu uğurunu federasiyanın sədr müavini Nəriman Quliyev belə izah edir: “Bu gün muxtar respublikada qazanılan uğurların başlıca səbəbi idmana göstərilən qayğıdır. Federasiya olaraq idmançılarımızın nailiyyətləri bizi sevindirir. Artıq idmanın bu növünə maraq gündən-günə artmaqdadır. Yaradılan şəraitə görə muxtar respublika rəhbərinə min­nətdar­lığımızı bildiririk”.
Tbilisidə keçirilən dünya çempionatının mükafatçıları Rəşid və Günayın valideyni İlahəddin Süleymanov övladlarının qazandığı bu uğurun Naxçıvanda idmançılara yaradılan şəraitin nəticəsi olduğunu bildirdi: “Naxçıvan Muxtar Respublikasında idmançıların püxtələşməsi, uğur qazanması və peşəkar bir idmançı olması üçün lazımi şərait yaradılıb. Uşaq və gənclərin idmanla məşğul olması üçün idman kompleksləri, üzgüçülük mərkəzləri yaradılmaqla yanaşı, idmançıların beynəlxalq yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır. Əlbəttə, lazımi dəstək olmasaydı, övladlarım Gürcüstanda keçirilən beynəlxalq turnirdə iştirak edə və uğur qazana bilməzdilər. İnanıram ki, Rəşid və Günay qarşıdakı illərdə də Azərbaycanın bayrağını beynəlxalq arenalarda dalğalandıracaqlar”.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR