Naxçıvan şahmatçısı “C” turnirində liderdir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 4-сü turuna dünən yekun vurulub.
“A” qrupunun liderləri – azərbaycanlı qrossmeyster Ülvi Bacarani və gürcüstanlı qrossmeyster Levan Pantsulaya bu turda üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə gürcüstanlı zəka sahibi qalib olub.
İlk 3 turdan sonra aktivinə 2 xal yazdıran Naxçıvanın zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov bu turda rusiyalı qrossmeyster Yevgeni Romanovla qarşılaşıb və məğlubiyyətlə üzləşib.
Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz, FİDE ustası Ürfan Sevdimalıyev isə İran şahmatçısı, beynəlxalq usta Ümid Norozinin müqavimətini qıra bilməyib.
Liderlər cədvəlində özünə yer alan azərbaycanlı qrossmeysterlər Rauf Məmmədov Azər Mirzəyevlə, beynəlxalq usta Zaur Məmmədov isə digər qrossmeysterimiz Eltac Səfərli ilə bu turda qarşılaşıblar. Maraqlısı odur ki, hər iki qarşılaşmada rəqiblər “sülh”ə razılaşıblar.
Hazırda “A” turnirinə gürcüstanlı qrossmeyster Levan Pantsulaya 4 xalla liderlik edir. Cədvəlin digər 14 pilləsində qərarlaşan zəka sahiblərinin isə 3 xalı var.
“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin 6 lideri bu turda bir-birləri ilə mübarizə aparıblar. İki zəka sahibimiz Rəşad Zeynallı iranlı Doostkamı, Vəli Zeynalzadə isə Babək Sedgini məğlub edib. Aysel Məmmədova isə Behranq Kabudi ilə görüşdən məyus ayrılıb. Bu nəticədən sonra aktivində 4 xal olan azərbaycanlı zəka sahiblərindən Rəşad Zeynallı, Vəli Zeynalzadə və iranlı Behranq Kabudi “B” turnirində liderliklərini davam etdirirlər.
Beynəlxalq şahmat festivalının “C” turnirində isə liderlər cədvəlində 4 zəka sahibi qərarlaşıb. Sevindirici haldır ki, Naxçıvan şahmat məktəbinin yetirməsi Kənan Şərifzadə bu qrupda liderliyini qoruyur. O, 4-cü turda digər Naxçıvan şahmatçısı Siyavuş Bağırovu mat edib. Bu qrupda özlərinə yer alan Altay Eynullayev, Mətin Mürsəlli və Ləman Hacıyeva da bu turu qələbə ilə başa vurublar və maksimum nəticə ilə ilk dördlükdə qərarlaşıblar.
Ceyhun Məmmədov