Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dünən Duzdağ yolunda Heydər Əliyev adına Hərbi Liseyin kursantları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında kross qaçışı növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 500 atlet qüvvəsini sınayıb.
Yarışın bağlanış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada idmanın bütün növlərində olduğu kimi, yüngül atletikaya da maraq yüksəkdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən yarışda gənclərin bu idman növünə olan marağı göz önündədir. Təşkil edilən hər bir tədbir muxtar respublikada idman sahəsinə göstərilən diqqət və qayğının nümunəsidir.
Təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək qeyd edib ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Məhz bunun nəticəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri idmana da böyük maraq göstərirlər.
Sonra Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov çıxış edib. Federasiya rəhbəri vurğulayıb ki, son zamanlar Naxçıvan Muxtar Respublikasında bu idman növü geniş yayılıb və gənclərin çox hissəsi bu sahəyə daha çox maraq göstərməyə başlayıb.
Birinciliyin yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində finiş xəttinə hamıdan tez çatan Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qəşəm Səfərov qalib adını qazanıb. Digər iki pillədə isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Samiq Səfərov və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Kərim Quliyev qərarlaşıblar. Qızların mübarizəsində isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Rəngizər Rəhimova hamıdan sürətli qaçıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Qaratel Cəlalova və Naxçıvan Tibb Kollecinin tələbəsi Gülafət Müslümova yarış birincisindən bir qədər geri qalıblar.
Sonda birinci yeri tutan idmançılara kompüter, ikinci yeri tutanlara printer, üçüncülüklə kifayətlənən idmançılara isə idman geyim formaları təqdim olunub. Federasiya tərəfindən birinciliyin ən azyaşlı idmançıları – Aysel Abdullayevaya və Cəmilə Allahverdiyevaya xüsusi hədiyyələr verilib.
Ceyhun Məmmədov