22 Dekabr 2024, Bazar

 Dünən festivalın 3-cü turu başa çatıb

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 3-сü turu geridə qalıb.
“A” qrupunda bu tur daha çox liderlərin qarşılaşması ilə yadda qalıb. Belə ki, ilk iki turda qələbə qazanan azərbaycanlı qrossmeyster Ülvi Bacarani rusiyalı Yevgeni Romanovla üz-üzə gəlib və beynəlxalq turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb. Turnir cədvəlinin digər liderlərindən olan gürcüstanlı qrossmeyster Levan Pantsulaya türkiyəli beynəlxalq usta Sanal Vahapı sınağa çəkib. Gürcüstanlı şahmatçı qalib gələrək maksimum xal toplayıb.
Turnirə qələbə ilə başlayan, lakin ikinci turda məğlubiyyətlə üzləşən Naxçıvanın zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov bu turda azərbaycanlı FİDE ustası Abdulla Qədimbəyli ilə qarşılaşıb. Ağ-qara taxtadan qələbə ilə ayrılan Pərviz xal ehtiyatını ikiyə yüksəldib. Digər həmyerlimiz FİDE ustası Ürfan Sevdimalıyev isə Hindistan şahmatçısı, qrossmeyster Gupta Abhijeetin müqavimətini qıra bilməyib.
Qadınlar arasında dünya çempionu, Çin təmsilçisi Hou Yifan bu turda azərbaycanlı beynəlxalq usta Zaur Məmmədovla qarşılaşıb. Maraqlı keçən qarşılaşmadan azərbaycanlı şahmatçı qalib kimi ayrılıb. Zaur kimi Rauf Məmmədov da bu turu qələbə ilə başa vurub. Qrossmeysterimiz gürcüstanlı beynəlxalq usta Nino Xurtsidzeni məğlub edib.
Hazırda “A” turnirində ikihakimiyyətlilik hökm sürür. Gürcüstanlı Levan Pantsulaya ilə azərbaycanlı Ülvi Bacarani beynəlxalq şahmat festivalının liderləridir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirində maraqlı görüşlər keçirilib. Belə ki, turnirin liderləri bu turda üz-üzə gəliblər. Nəticəyə əsasən, azərbaycanlı zəka sahibi Rəşad Zeynallı 3 turdan sonra maksimum nəticə ilə liderdir. Onun kimi iranlı şahmatçılar Babək Sedgi, Behranq Kabudi, azərbaycanlı şahmatçılar Vəli Zeynalzadə və Aysel Məmmədova da eyni xal toplayıblar.
Beynəlxalq şahmat festivalının “C” turnirində isə 11 şahmatçı maksimum (3 oyun, 3 xal) nəticə ilə liderdir. Onlar arasında Naxçıvan şahmat məktəbinin yetirmələri Siyavuş Bağırov və Kənan Şəfizadə də var.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR