Beynəlxalq festivalın iştirakçıları bu fikirdədir
Rüstəm Kasımcanov – özbəkistanlı qrossmeyster: – Beynəlxalq festivalın mənim üçün ən böyük əhəmiyyəti bu festivalın müstəqil Azərbaycanın qurucusu dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilməsi, bu festival vasitəsilə dünyanın nüfuzlu şahmatçıları ilə yarışmaq imkanının yaradılmasıdır. Burada biz şahmatçılar üçün yaxşı şərait yaradılıb və asudə vaxtımız da səmərəli təşkil edilib. Hər yer sakit və təmizdir. İnsan özünü çox rahat hiss edir. Bizə yaradılan şəraitə görə şahmatçı yoldaşlarım adından minnətdarlığımı bildirirəm. Onu da deyim ki, bu qədim diyarda şahmata böyük maraq var. Festivalın keçirilməsi üçün görülmüş hərtərəfli hazırlıq da yüksək səviyyədədir. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən buraya öz gücünü sınamağa gəlmiş şahmatçılar razılıq edirlər. Festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, əvvəllər burada şahmat festivallarında iştirak etmiş şahmatçılardan Naxçıvan haqda eşitdiklərimi əyani şəkildə görə biləcəkdim.
Aleksandr Xalifman – rusiyalı beynəlxalq qrossmeyster: – Özüm haqda məlumat verərək deyim ki, Rusiya yığmasının tərkibində dünya şahmat olimpiadalarının 1992, 2000, 2002-ci illərdə qalibi olmuşam. 1982-ci ildə gənclər arasında SSRİ çempionluğunu qazanmışam. 1996-cı ildə Rusiya çempionluğu mənə nəsib olub. 1990-cı ildə Las-Veqasda keçirilən dünya FİDE çempionatının qalibi olmuşam. Bütün bunları sadalamaqda məqsədim beynəlxalq yarışlar haqda kifayət qədər təcrübəyə malik olduğumu bilməyinizdir. Qeyd etmək istəyirəm ki, Naxçıvanda keçirilən bu festival öz səviyyəsinə görə beynəlxalq səviyyəli digər yarışlardan heç də geri qalmır. Artıq üçüncü dəfədir ki, Naxçıvanda keçirilən beynəlxalq festivalda iştirak edirəm və hər dəfəsində bu şahmat bayramının daha yüksək səviyyədə təşkil olunduğunun şahidi oluram. Əminəm ki, bu festivalda iştirak edən hər bir şahmatçı mükafatçılar sırasına düşüb-düşməməyindən asılı olmayaraq, Naxçıvandan xoş təəssüratlarla ayrılacaq.
Səbuhi Hüseynov